2020-ci ildə Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
FED.az xəbər verir ki, Gəncə Şəhər Statistika İdarəsindən verilən məlumata görə, Gəncə şəhərində traktor, yük avtomobili və kənd təsərrüfatı texnikası, elektron və mexaniki su sayğacları istehsalı müəssisələri fəaliyyət göstərir.
2020-ci ildə Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 371,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
Sənayedə muzdla çalışan 4939 nəfər işçiyə verilən orta aylıq əməkhaqqı 563,2 manat təşkil etmiş və əvvəlki ilə nisbətən 7,5 faiz artmışdır. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 572,0 manat, qeyri-dövlət sektorunda 554.7 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 346,1 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir ki, bunun 304,5 milyon manat, qeyri-dövlət sektorunun müəssisələri tərəfindən istehsal edilmişdir. Bundan 97,9 milyon manat qida məhsulları istehsalı, 15,9 milyon manat içki, 169,9 milyon manat metallurgiya sənayesi məhsulları, 40,3 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 22,1 milyon manat sair məhsulların istehsalı təşkil etmişdir. İl ərzində 80194,5 ton un, 1176,9 ton makaron, 240,9 min dekalitr araq, 134,4 min dekalitr şərab, 300 ədəd traktor, 112 ədəd MAZ yük avtomobil, 50 ədəd taxılyığan kombaynlar və 19 ədəd sair qoşqular, 13052 ədəd elektron, 133310 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2020-ci il ərzində 17,3 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 7,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. (Marja)