Dünya şöhrətli pivə brendi - «Carlsberg» şirkəti Azərbaycanda pivə istehsalında xammal kimi istifadə olunan arpa əkininə başlayıb.
Bu barədə FED.az-a «Carlsberg Azerbaijan»ın baş direktorunun əməliyyat fəaliyyəti üzrə müavini Sergey Vasilyev bildirib.
- Bir qədər əvvəl «Carlsberg» şirkətinin Azərbaycanda aqrar sahədə yeni layihəyə başlandığı elan edildi. Bu layihə hansı sahəyə aiddir və ölkənin hansı ərazisində reallaşdırılır?
- Söhbət Azərbaycanın aqrar sənayesinin inkişafından gedir. «Carlsberg Azerbaijan» şirkəti Azərbayanda pivə istehsalında istifadə olunan arpa əkini üzrə pilot layihəyə başlayıb. Məqsəd pivə istehsalı üzrə tələb olunan və parametrlərə cavab verən arpanı ölkə dacilində yetişdirməkdir. Bu bizə, xaricdən pivə istehsalı üçün arpa gətirilməsi zamanı nəqliyyat və logistika xərclərini azaltmağa, eləcə də təchizatın sabitliyinə imkan verəcək.
Layihə çərçivəsində «Carlsberg Azerbaijan» şirkəti özünün bu layihədəki əsas partnyoru olan «Azərşəkər» şirkəti ilə birlikdə 2019-cu ildə ilk arpa əkini həyata keçirib. Arpa toxumu Fransanın «Secobra» şirkətindən alınıb. Ümumilikdə pivə istehsalı üçün hər növdən 300 kiloqram olmaqla 4 növdə arpa əkilib.
Pivə arpası üçün əkin layihəsi Şəmkirdə reallaşdırılır. Arpa «Azersheker»in buradakı torpaqlarında əkilib. Bundan başqa, arpanın akklimatizasiyasını öyrənmək üçün hər nümunədən ölkənin başqa rayonlarında da əkilib.
- «Carlsberg Group»un bu sahəyə marağı nə ilə bağlıdır?
- «Carlsberg Group», hansı ki, «Carlsberg Azerbaijan»da buraya daxildir, ənənəvi olaraq öz texnoloji proseslərinin təkmilləşdirilməsi üçün elmi araşdırmalara böyük diqqət yetirir. Hələ 1875-ci ildən «Carlsberg»in Kopenhagendəki pivəxanasının nəzdində Laboratoriya fəaliyyət göstərir. Burada bir sıra dünya əhəmiyyətli kəşflər edilib. Belə ki, məhz bu laboratoriyada ilk dəfə olaraq pivə mayasının təmiz ştammları əldə edilib. Eləcə də, turşuluq şkalası (pH şkala) kəşf edilib.
«Carlsberg» laboratoriyasının əsas məqsədi pivə istehsalı prosesinin bütün mərhələləri ilə bağlı tam elmi məlumatın əldə edilməsidir. Eləcə də, burada arpanın iqlimə davamlı növlərinin kultivasiyası ilə məşğul olurlar. O cümlədən bir neçə il əvvəl burada «Null Lox» arpa növü yetişdirilib. Hansı ki, pivənin dad və keyfiyyət göstəricilərini yaxşılaşdırır, eləcə də, hazırda məhsulu daha uzun müddət saxlamağa imkan verir (qıcqırma prosesinin yavaşıması hesabına). Beləliklə, ölkədə pivə istehsalı üçün yararlı arpa yetişdirməklə, biz, yüksək keyfiyyətli pivə istehsalı üçün özümüzü xammalla təmin etmək məqsədi daşıyırıq.
- İlk məhsul nə vaxt yığılacaq və sonra hansı addımlar atılacaq?
- «Carlsberg Azerbaijan» şirkəti «Azərşəkər»lə birlikdə arpanın sınaq səpinini 2019-cu ilin noyabrında aparıb. Məhsulun 2020-ci ilin iyununda yığılması gözlənilir. Bundan sonra, əldə edilən arpa analiz ediləcək, və onun pivə istehsalına yararlı olub olmaması barədə qərar veriləcək.
- İndiyədək bu layihəyə nə qədər yatırım edilib?
- İlkin mərhələdə, bu layihəyə yatırılan investisiya böyük deyil. Amma əgər layihənin daha iri miqyasda həyata keçirilməsi barədə qərar qəbul edilsə, investisiyanın məbləği də artacaq.
- Pilot layihəsinin tam miqyaslı layihəyə çevrilməsi nədən asılıdır və bu nə vaxt baş verəcək?
- Əgər pilot layihəsi müsbət nəticələnsə, onu artıq 2021-ci ildə tammiqyaslı layihəyə çevirmək mümkün olacaq. Bu da «Carlsberg Azerbaijan»a imkan verəcək ki, nəinki özünün pivə arpasına olan ehtiyaclarnı ödəsin, hətta bu xammal üzrə regional tenderlərdə də iştirak edə bilsin.