Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti 2024-cü ildə “Zəfər” qızıl-mis yatağında hasilata başlamağı planlaşdırır.
"Zəfər" yatağında 134 milyon dollarlıq - QIZIL EHTİYATI VAR
FED.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
““Zəfər” mədəni 2023-cü ildə inşa ediləcək, istehsal 2024-cü ilə planlaşdırılıb. “Zəfər” “Gilar” yatağında yüksək qızıl və mis tərkibli filiz hasilatında gecikmə və ya fasilə yarandığı zaman ehtiyat istehsalı təmin edəcək. “Zəfər” yatağının JORC standartlarına uyğun olaraq qiymətləndirilmiş ehtiyatları 6,8 milyon tondur”, - deyə məlumatda bildirilir.
AAM 2021-ci ilin yanvar ayında “Gədəbəy” müqavilə sahəsində yeni “Zəfər” qızıl-mis yatağının kəşf edildiyini elan edib. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb.
2023-cü ildə “Anglo Asian Mining” qiymətli metal hasilatını 50-54 min unsiya qızıl ekvivalentində proqnozlaşdırır. Bundan başqa, şirkət bu il qızıl hasilatını 30 min unsiyadan 32 min unsiyaya qədər, mis hasilatını 4,1 min tondan 4,3 min tona qədər həcmdə gözləyir. (İnterfaks-Azərbaycan)