Bu gün “AzerGold” QSC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında qarşılıqlı əməkdaşlığa dair razılaşma sənədinin imzalanma mərasimi keçirilib.
Eləcə də bax: “AzerGold” istiqrazlarının növbəti faiz ödənişi - Həyata Keçirilib
FED.az “AzerGold”a istinadən xəbər verir ki. videobağlantı formatında keçirilən tədbirdə sənədi səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imzalayıblar.
Sənədə əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Həmçinin ali məktəbin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin istehsalat təcrübəsinə, elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi sənəddə öz əksini tapıb.
“AzerGold” davamlı və dayanıqlı inkişafı təmin etmək üçün peşəkar kadr bazasının möhkəmləndirilməsi istiqamətində Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları və elmi təşkilatlarla sıx əməkdaşlıq edir. Bugünə qədər 7 ali təhsil ocağı ilə əməkdaşlığa dair sənəd imzalanıb. Həmçinin ötən il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə imzalanmış memoranduma əsasən, peşə təhsili sahəsində əməkdaşlığa başlanılıb.
Bundan başqa, ali məktəblərlə əldə olunmuş müvafiq razılaşmalara uyğun olaraq peşə-ixtisas təhsili alan 133 tələbənin “Çovdar” Filiz Emalı Sahəsində təcrübə proqramında iştirakı təşkil edilib. Müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlara “AzerGold” sertifikatlar təqdim edib, fərqlənmiş 11 nəfər məzunu daimi işlə təmin edib.