“AzerGold” QSC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) tanışlıq səfəri təşkil edilib.
FED.az xəbər verir ki, səfər zamanı əvvəlcə RİİB könüllülərinə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, fərdi mühafizə vasitələri təqdim edilib.
Daha sonra könüllülər “Çovdar” qızıl mədəni, yeni istifadəyə verilən, Çəndə qələviləşdirmə texnologiyası əsasında fəaliyyət göstərən Çəndə Qələviləşdirmə Zavodu, eləcə də Topa qələviləşdirmə texnologiyası əsasında mövcud istehsalat infrastrukturu ilə tanış olublar.
Tanışlıq səfəri zamanı könüllüləri maraqlandıran suallar cavablandırılıb. Qonaqlara ÇİRES-də qiymətli metalların hasilatı, emalı prosesi, tətbiq edilən istehsalat texnologiyaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ÇİRES-də həyata keçirilən hasilat və istehsalat prosesi ilə ictimaiyyət nümayəndələrinin mütəmadi tanışlığı məqsədi ilə infoturların təşkili bundan sonra da davam etdiriləcək.