Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Belə ki, “Bimbo QSR Azərbaycan” MMC-yə agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək. Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.
Xatırladaq ki, “Bimbo QSR Azərbaycan” MĞC 2026-cı ilin mayın 1-də Azərbaycanda qeydiyyata alınıb (VÖEN 2908253801). Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Topçubaşov küçəsi, ev 282-də yerləşir.
Qanuni təmsilçisi Yury Sharabakin olan “Bimbo QSR Azərbaycan” MMC-nin nizamnamə kapitalı 250 min manat və 250 min dollardır.












