“Sosial əhəmiyyətli xəstəliklərin terapiyasına yönəlmiş dərmanların Azərbaycanda istehsal olunması məqsədilə bir sıra xarici şirkətlərlə danışıqlar aparılır”.
FED.az İqtisadiyyat Naziliyinə istinadən xəbər verir ki, bunu Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin direktoru və “R-Pharm” zavodunun baş direktoru Natalya Badanina deyib.
Onun sözlərinə görə, xarici əczaçılıq şirkətlərinin preparatlarının istehsalının Azərbaycanda lokalizasiyası ölkəmizdə yaşayan xəstələr üçün innovativ dərmanlarla müalicəni daha əlçatan edəcək, eyni zamanda uzunmüddətli perspektivdə bu dərmanların qiymətlərinin ucuzlaşmasına şərait yaradacaq. Bu səbəbdən zavod onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus dərmanları kimi preparatların istehsalının təşkili ilə bağlı danışıqlar aparır.
N.Badanina qeyd edib ki, hazırda zavodda istehsal edilən dərman preparatları yalnız yerli bazarın ehtiyaclarını ödəmək uçün nəzərdə tutulub. Lakin müəssisənin ixrac imkanlarının genişləndirilməsi planlaşdırılır.