2020-ci ildə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Azerbaijan İnternational Mining Company Ltd.” şirkəti 118,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Eləcə də bax: Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2019-cu illə müqayisədə 8,2 mln ABŞ dolları və yaxud 7,5 % çoxdur.
Xatırladaq ki, “Azerbaijan International Mining Company Ltd.” “Anglo-Asian Mining Plc." şirkətinin törəməsidir. Şirkət Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.
“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.