Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan FED.az-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Abşeron-Şərab” ASC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı “Grelka” nişanlı 40%-li tündlükdə araqların markalanmasında istifadə edilən etiket məlumatında məhsulun “Alfa” tipli etil spirtindən istehsal olunduğu qeyd olunsa da, “Alfa” tipli etil spirtinin mədaxili barədə heç bir sənəd təqdim olunmayıb. Müəssisədə araq istehsalında xammal kimi Belarusiya Respublikasından idxal olunan “Lyuks” tipli etil spirtindən istifadə olunduğu müəyyən edilib. Həmçinin “Grelka” nişanlı 40%-li tündlükdə arağın etiket məlumatında “Silver Filtration” (Gümüş Filtrasiya) sözlərinin qeyd olunmasına baxmayaraq, araşdırma nəticəsində araq istehsalında ağac oduncağından alınan БАУ-А markalı aktivləşdirilmiş kömürdən istifadə olunduğu məlum olub. İstehsal prosesində məhsulun təmizlənməsində gümüş filtrlərdən istifadə olunması öz təsdiqini tapmayıb. Bu da sahibkar tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respulikası Qanununun tələblərinin kobud şəkildə pozulduğunu göstərir.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilərək müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, həmçinin “Grelka” nişanlı 40%-li tündlükdə araqların istehsalının və satışının qadağan edilməsi, həmin məhsulların satış məntəqələrindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair Qərar qəbul edilib. Eyni zamanda Agentlik tərəfindən respublikada fəaliyyət göstərən iri ticarət şəbəkələrində həmin məhsulun satışının qadağan olunması barədə müraciət ünvanlanıb, “Abşeron-Şərab” ASC tərəfindən həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib.
Bununla bağlı, istehlakçılar tərəfindən satış şəbəkələrində aşağıdakı fotoşəkillərdə göstərilən, üzərində “Silver Filtration” və “Alfa” tipli etil spirtindən istehsal olunduğu qeyd olunan “Grelka” nişanlı araqların alınmaması və Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri tövsiyə olunur.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.