Çin istehsallı iynənin bir partiyası geri çağırılıb, Azərbaycanda satışına qadağa qoyulub.
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.
Qeyd olunub ki, mediadan daxil olan vətəndaş şikayətinə əsasən, Çinin “Shandong Qinkai Medical Industry Co. LTD” şirkətinin istehsal etdiyi, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı “Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” adlı tibb vasitəsinin qablaşdırmasında çapla bağlı nöqsanlar aşkarlanıb.
Məhsulun üzərində yararlılıq müddəti 14.09.2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14.09.2028-ci il kimi düzəldilib.
Şikayət əsasında Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 460 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq, AEM araşdırma aparıb, nəticəyə əsasən, qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilib.