Bildiyiniz kimi, “Tibbi sığorta haqqında” Qanuna əsasən, 1 yanvar 2021-ci il tarixindən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün icbari tibbi sığorta haqlarının ödənilməsinə dair müddəalar qüvvəyə minmişdir.
Eləcə də bax: İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına əsasən Bakı şəhərində icbari tibbi sığortanın tətbiqinə 2021-ci ilin aprel ayından başlanmışdır.
İcbari sığorta haqqı məbləği isə ayrı-ayrı vergi ödəyiciləri üzrə fərqli dərəcələrlə müəyyən olunmuşdur və “Tibbi sığorta haqqında” Qanunda öz əksini tapmışdır.
Lakin, iki fərqli müqavilə əsasında çalışan vətəndaşın hər bir müqavilə üzrə ayrı-ayrılıqda icbari tibbi sığorta haqqı ödəməsi nə dərəcədə doğru olar? Çünki xidmətlər zərfindəki xidmətlərin sayı ödənilən tibbi sığota haqlarının məbləğindən asılı deyil.
Müqayisə üçün demək olar ki, məsələn, sosial sığorta haqları fərdi hesablarda toplanaraq gələcəkdə vətəndaşın pensiya təminatını təşkil edir və burda toplanan vəsaitdən asılı olaraq vətəndaşın pensiya məbləğinin az və ya çox olması dəyişir.
Tibbi sığorta haqlarının tətbiqi isə fərqlidir.
Məsələn, əmək müqaviləsi əsasında çalışan bir vətəndaş hesablanan əmək haqqına uyğun olaraq tibbi sığorta haqqı ödəməkdədir və təbii olaraq artıq tibbi sığortanın əhatə etdiyi xidmətlər zərfindən faydalanmaq hüququnu əldə etmiş olur.
Eyni zamanda, həmin şəxs vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxs olaraq xidmət göstərir. Belə olan halda o, bu səfər fərdi sahibkar olaraqda əlavə aylıq 10 manat məbləğində tibbi sığorta haqqı ödəməlidir. Və bu onun üçün heç bir əlavə dividend gətirmir.
Yekun olaraq düşünürəm ki, qanunvericilikdə müvafiq dəyişiklik edilərək bu məsələ iki fərqli formada tənzimlənə bilər:
- Bir neçə müqavilə əsasında çalışan vətəndaşların tibbi sığorta haqqı yalnız bir və ən yüksək olan müqavilə əsasında hesablanıb ödənilməsi təmin edilə bilər.
Ödənilən tibbi sığorta haqlarının məbləğinə uyğun xidmətlər zərfində olan xidmət sayları tənzimlənə bilər (xidmətlər zərfində qeyd edilən xidmətlərin zəruri hissəsi tibbi sığorta haqlarının məbləğindən asılı olmamaq şərti ilə...).