Noyabrın 10-da imzlanamış üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) bəyanata əsasən Kəlbəcəri tərk edən erməni əhalisi biabırçı hərəkətləri ilə dünya mediasının gündəmindədir. Belə ki, daşıya biləcəkləri əşyaları, hətta unitazları belə maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırıblar. Bu, həm Azərbayan, həm də bir çox xarici ölkələrdə sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub. Bu gün isə məlum olub ki, ermənilər Kəlbəcərdən köçmək üçün Azərbaycan tərəfindən daha 10 gün vaxt istəyib.
Elə bu günlərdə “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov azərbaycanlılarla ermənilərin Kəlbəcəri tərk etmələrini müqayisə etmişdi. O bildirmişdi ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın köçürdü.
FED.az-ın əldə etdiyi məlumata görə, ermənilərin budəfəki məqsədi isə hələ 90-cı illərdə Kəlbəcər uğrunda gedən döyüşlərdə qətlə yetirilmiş azərbaycanlıların meyitlərinin gizlətməkdir.
Elə buna görə ermənilər təcili imzalanmış bəyanatda onların Kəlbəcərdən köçmələrinə 5 gün verilməsinə baxmayaraq, əlavə 10 gün vaxt istəyiblər. Görünür, bu, onların törətdiyi əməlləri gizlətmələri üçün kifayət etmir...
Qeyd etmək lazımdır ki, Kəlbəcərin Ağdaban kəndinin qadınları hələ 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir götürmüşdü. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilməyib, işğal olunub. 39 nəfər kənd sakini qəddarcasına öldürülüb, 5 nəfər girov götürülüb, 100-dən artıq ev yandırılıb. 1993-cü ilin mart ayında düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutub. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırıblar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxıblar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi.
İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb, 100-lərlə adam şikəst olub. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunub.