Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcək.
FED.az xəbər verir ki, bu, son bir ildə Ərdoğanın Azərbaycana üçüncü səfəri olacaq. Bir günlük səfər çərçivəsində prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı, Ərdoğanın qatıldığı bir mərasimlə istifadəyə veriləcək və Ərdoğan mərasimdə çıxış edəcək.
Xatırladaq ki, qardaş Türkiyənin dövlət başçısı bundan əvvəl 9 dekabr 2020-ci il və 15 iyun 2021-ci il tarixlərində Azərbaycana rəsmi səfərlər etmişdi.
Ərdoğan 9 dekabr 2020-ci ildə Bakıdakı hərbi paraddakı çıxışında Ermənistan rəhbərliyini Azərbaycanın sülh təşəbbüslərini lazımınca qiymətləndirməyə və qonşu dövlətlərə qarşı torpaq iddialarından əl çəkməyə çağırmışdı.