Gözəllik salonları və kişi bərbərxanaları ilə yanaşı, son vaxtlar Bakıda yalnız uşaqlara xidmət göstərən salonlar da sürətlə inkişaf edib brendləşir. FED.az xəbər verir ki, bu salonları qeyri-adi edən özəllik uşaq saçlarında şəkillərin çəkilməsi və saçların sırf uşaq saç düzümlərinin yer aldığı kataloqlardakı modellər üzrə düzəldilməsidir. Belə bərbərxanaların sayı Bakıda o qədər də çox olmasa da, artıq bir çoxu məşhurlaşıb.
FED.az bu dəfə uşaq bərbərxanalarındakı xidmətlər və qiymətlər haqqında məlumat verəcək.
Elit bərbərxanada saçda «rəsm çəkilir»
Paytaxtın ən məşhur uşaq bərbərxanası Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 1 ünvanında yerləşən “Makas Pünhan Academy” sayılır. Burada həm qız, həm də oğlan uşaqlarının saçlarına xidmət göstərilir. Salonun sahibi Pünhan usta FED.az-a bildirdi ki, burada adi saç kəsimi 6 manata, saçda şəkillərin yaradılması 10 manata, saçın adi şəkildə fen ilə formaya salınması 5 manata başa gəlir.
“Makas Pünhan Academy” uşaqları xüsusi tədbirlərə, bayramlara da hazırlayır. Belə ki, uşaqlar üçün xüsusi qrimləmə xidmətinin qiyməti 10-30 manat arası dəyişir. Qız uşaqları saçlarının xüsusi forma verilərək hörülməsi 10-15 manata həyata keçirilir.
Uşaqlar üçün pedikür xidmətləri də varmış
Neftçilər prospekti 145 ünvanında yerləşən “Barbariosso” uşaq salonunda təklif olunan bütün xidmətlər məxsusi olaraq uşaqlar üçün nəzərdə tutulub. Bu salonda saçın kəsilib, yuyulub forma verilməsi 20 manata başa gəlir. Saçda müxtəlif şəkil formalarının yaradılması isə 20 manata həyata keçirilir. “Barbarisso”da uşaqlar üçün manikür və pedikür xidməti də göstərilir. Onların qiyməti isə sifarişdən asılı olaraq 10-20 manat arasında dəyişir.
Salonda karnaval və bayramlarda iştirak etmək istəyən uşaqlar üçün özəl geyimlərin satışı da həyata keçirilir.
Saçda şəkili 50 manata çəkirlər
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 124 ünvanında yerləşən “Sevimli Bala” uşaq salonunda sadə saç kəsimi 5 manatadır. Saçda şəkillərin hazırlanmasının qiyməti şəkilin formasından və həcmindən asılı olaraq 5-20 manat arası dəyişir. Uşaq saçlarına fen ilə forma verilməsi isə ayrıca 2 manata başa gəlir.
Salondan bildirdilər ki, burada qız saçlarına da xidmət göstərilir. Saç kəsimi və saça forma verilməsi yuxarıdakı qiymətlərə həyata keçirilir. Əlavə olaraq saçın hörülməsinin qiymət isə saçın uzunluğundan və hörülmə formasından asılı olaraq 5-10 manat arasıdır.
Bu salonda uşaqların üzünə də şəkil çəkirlər
Abbas Mirzə Şərifzadə küçəsi 71 ünvanında fəaliyyət göstərən “Cocobee Baku” salonunda saçın kəsilib, yuyulub fen ilə forma verilməsi 10 manata həyata keçirilir. Bu qiymətə saçda müxtəlif şəkil formalarının hazırlanması da daxildir. Salondan verilən məlumata görə, burada uşaqlar üçün manikür ve pedikür xidməti də göstərilir. Bu xidmətlərin qiyməti 5 manatdır.
Tədbir və ya bayramlara hazırlaşan uşaqların üzünə müxtəlif cür şəkillərin çəkilməsi də 5 manata həyata keçirilir. Məlumata görə bu salon qız uşaqlarını da qəbul edir. Yuxarıda göstərilən qiymətlər qız uşaqlarına göstərilən saç xidmətlərinə də aiddir. Burada əlavə olaraq qız uşaqları üçün saç hörülməsi xidmətinin qiyməti 5-10 manat arası dəyişir.
Qız saçlarının hörülməsi 6-10 manata
Dilarə Əliyeva 215 ünvanında yerləşən “Studio Muhammed (kinderstyle)” salonu sırf uşaq bərbərxanasıdır. Burada həm qız, həm də oğlan uşaqlarına xidmət göstərilir. Saçın kəsilib, yuyulub, fen ilə forma verilməsi və ya saçda şəkil formalarının hazırlanması – hamısı birlikdə 10 manata həyata keçirilir. Salon, uşaqlar üçün manikür və pedikür xidməti də təklif edir ki, bu xidmətlərin də qiyməti 3 manatdır. Qız uşaqlarının saçlarının müxtəlif formalarda hörülməsi 6-10 manatadır.
Saç formaya salınandan sonra fotosessiya da edilir
“Metropark”ın 5-ci mərtəbəsində yerləşən “Funny Boom Kids Salon”da saçın kəsilməsi, yuyulub fen ilə forma verilməsi və eyni zamanda saçda müxtəlif cür şəkil formalarının yaradılması 12 manata həyata keçirilir. Qız uşaqlarının saçlarının hörülməsi və ya sadəcə kəsilib fen ilə forma verilməsi 15-25 manata başa gəlir. Oğlan uşaqlarının saçına sadə saç formasının verilməsi isə 6-10 manata, saça naxış verilməsi isə 6 manatadır.
Bu salonda qız və oğlan uşaqlarının saçı hazır olandan sonra xüsusi kostyumlarla fotosessiya da aparılır. Bu fotosessiyanın tək uşaq üçün qiyməti 15-20 şəkil 25 manata, 2 uşaq üçün isə 20 manatadır.
Saç kəsilir, yuyulur, forma verilir – cəmi 10 manata
Üzeyir Hacıbəyov 56 ünvanında yerləşən “Kids Barber Shop”da əsasən oğlan uşaqları qəbul edilir. Qız uşaqlarına isə sadə saç kəsimi xidməti göstərilir. Burada saçın kəsilib, yuyulub, forma verilməsi və saçda şəkillərin yaradılması 10 manata başa gəlir. Sadəcə olaraq saçda şəkil formalarının hazırlanması isə 5 manatadır. Bu qiymət həcmcə böyük şəkil formaları üçün nəzərdə tutulub. Kiçik ölçülü formaların qiyməti (saça kant vurmaq və s.) ümumi saç kəsimi qiymətinə daxildir.
Ancaq oğlan uşaqları qəbul edilir
İnşaatçılar metrostansiyanın yaxınlığında yerləşən “MR Kişi salonu”nda da sadəcə oğlan uşaqları qəbul edilir. Burada sadə saç kəsimi 4 manata, saçda şəkil formalarının hazırlanması (saç kəsimi ilə birlikdə) 5 manata, saça sadəcə fen ilə forma vermək isə 3 manata başa gəlir.
Saat 11:00-dan 17:00-dək 40% endirim edirlər
Nizami küçəsi 147B ünvanında fəaliyyət göstərən “Boy Cut Baku” bərbərxanası sıradan bir salondur. Burada uşaq saçlarına da xidmət göstərilir. Salondan bildirdilər ki, yalnız oğlan uşaqları qəbul olunur. Uşaq saçlarının kəsilməsi, yuyulub fen ilə formaya salınması 15 manata həyata keçirilir.
Həftə içi hər gün saat 11:00-dan 17:00-dək uşaq saçlarına 40% endirimlə xidmət göstərilir. Bildirək ki, yuxarıda qeyd olunan xidmətin 15 manat olan qiyməti endirimli qiymətdir.
5 manatdan 25 manata qədər saç şəkilləri
İnşaatçılar prospekti 40 ünvanında yerləşən “Barber Studio Baku” salonunda da yalnız oğlan uşaqları saç düzəltdirə bilər. Burada saç kəsimi, yuyulub fen ilə forma verilməsi 10 manata başa gəlir. Saçda şəkil formalarının hazırlanması isə burada da şəkilin forma və həcmindən asılı olaraq 5-25 manat arasında dəyişir.
Məmməd Ağayev
Bakının məşhur uşaq bərbərxanaları – SİYAHI, QİYMƏT
17:54
23 Aprel 2018