İyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Gürcüstan ərazisinin işğalında iştirak etməsi ehtimal edilən Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. Etirazçıların spikerin və DİN rəhbərinin istefası şuarları ilə parlament binasına girmək cəhdinin rezin güllə və sair vasitələrlə polis tərəfindən qarşının alınması yüzlərlə insanın saxlanılması və xəsarət alması ilə yekunlaşdı. İnsindentin ardından parlamentin spikeri İrakli Kobaxidze istefa verdi, ölkə başçısı isə öz “Facebook” səhfəsində Rusiyanı "düşmən" və işğalçı adlandırdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Rusiyanın nəqliyyat nazirliyi 8 iyuldan Gürcüstan avia şirkətlərinin də Rusiya ərazisinə uçuşlarının dayandırılacağını elan edərək bunu lazımi təhlükəsizlik səviyyəsinin təmin olunmasının gərəkli olması və vaxtı keçmiş borcun mövcudluğu ilə əlaqələndirdi. Qadağanın məhz 8-də quvvəyə minməsi isə əksər turların məhz həmin tarixə kimi başa çatması ilə bağlıdır.
Eləcə də bax: Bu yay Bakı çimərliklərində çoxlu sayda – RUSİYALI TURİSTLƏR OLA BİLƏR
FED.az xəbər verir ki, “Report”un analitik qrupu hesab edir ki, iki ölkə arasında sərnişin avia daşınmalarının müvəqqəti olsa da dayandırılması Rusiyadan qonşu ölkəyə edilən səfərlərin azalmasına gətirib çıxarsa da əhəmiyyətli olmayacaq. Belə ki, səfərlərin çox az bir hissəsi turlar vasitəsilə həyata keçirilir. Rusiyanın Turoperatorlar Assosiasiyasının məlumatına görə, hazırda Gürcüstanda turoperatorların xətti ilə 5-7 min turist var. Sərbəst şəkildə səyahət edənlər isə 2-3 dəfə çoxdur.
Hadisələrin ənənəvi olaraq Gürcüstana səfər edən rus turistlərin digər ölkələrin xeyrinə seçim etməsi həddinə gəlməsi üçün bir sıra faktorların reallaşması vacibdir. Əvvəla Rusiyaya qarşı aqresiv ictimai fikir artan proyeksiya üzrə inkişaf etməlidir və turistlərin təhlükəsizlik məsələsi ön plana çıxmalıdır. Digər bir faktor isə milli qürurdur. Bunun bariz nümunəsi kimi 2015-ci ilin noyabr ayında Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24 bombardımançının vurulmasıdır. O zaman Rusiyanın Türkiyə üzürxaqlıq gözlədiyi bir halda bunu ala bilməməsi iki ölkə arasında münasibətlərin kəskin pisləşməsinə gətirib çıxardı ki, bu da Türkiyənin turizm sektoruna ciddi zərbə vurdu.
İndiki halda isə Gürcüstanda fəaliyyət göstərən kinoteatrların rus dilli filmlərin nümayişini dayandırması, futbol üzrə milli liqasında iştirak edən bəzi klubların futbolçularının “Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunub” şuarlı yazılı köynəklərlə çıxmaları gərginliyin eskalasiyasından xəbər verir. Gürcüstan Turoperatorları Assosiasiyasının sədri Saba Kiknadzenin turizm sektorunun rusdilli xidmət göstərən işçilərinin bundan sonra fokusu MDB-nin digər ölkələrinə və Şərqi Avropa ölkələrinə çevirməli olduğlarını deməsi isə hazır ki, mərhələdə optimizm üçün arqumentlərin kifayət qədər az olmasından xəbər verir. Kiknadze daha da irəli gedərək Rusiyadan gələn turistlərin sayının azalacağını və yenilərinin cəlb olunması gərəkəcəkəcəyini deyərək bu prosesin il yarıma yaxın vaxt alacağını əlavə edib.
Rusiyadan gələnlərin Gürcüstan üçün əhəmiyyətini statistik göstəricilərdə daha aydın görmək olur. Rəsmi statistikaya əsasən ötən il Gürcüstana 8,7 milyon əcnəbi ziyarətçi səfər edib ki, onların 4,7 milyon nəfərini turistlər təşkil edib. Azərbaycandan sonra (1 424 610 nəfər) Gürcüstana 2018-ci ildə ən çox səfər edənlər arasında ikinci yeri məhz Rusiya (1 404 757 nəfər) tutur.
Təkcə bu ilin mayında Rusiya vətəndaşları qonşu ölkəyə 172 min səfər ediblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 53,2% çoxdur.
Ötən ilin 11 ayının göstəricisinə əsasən Gürcüstan turizmdən 3,2 milyard ABŞ dolları əldə edib.
Rus turistlərlə bağlı ən pis ssenarinin reallaşması Gürcüstan üçün hansı iqtisadi itkilərə gətirib çıxaracağını rəsmilər də yaxşı anlayırlar. Gürçüstan prezidenti xanım Zurabişvilinin “Rusiyalı turistlər Gürcüstana gəlməyə davam etməlidirlər, çünki bu ölkəni sevirlər” yönündəki son bəyanatı da bu qəbildəndir.
Baş verənlər fonunda region ölkələrinin rus turistlərin marağını cəlb etmək istiqamətində aktivləşəcəyi şübhə doğurmur. Bu ölkələr arasında daha inkişaf etmiş dənizkənarı turizm infrastrukturuna və geniş ekoloji turizm imkanlarına malik Azərbaycan favorit sayıla bilər. Azərbaycan mədəniyyətinin ruslara yad olmaması, yerli əhalinin qonaqpərvərliyi onların burada özlərini komfortda hiss etməsini təmin edəcək. Bir məqamı isə diqqətdən qaçırmaq lazım deyil. Rus turistlər Ərəb turistləri deyil. Gürcüstana gələn rus turistlər əsasən çox da baha olmayan istirahətdən yararlanırlar. Bütün hallarda turizmdən tək onun özünün yox ətraf sahələrin də qazandığını nəzərə alaraq 100 minlərlə rus turistin Azərbaycana üz tutmasının artıq olmayacağı şübhəsizdir.