“Azərbaycan Hava Yolları” QSC (AZAL) 8 may — Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat ver!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
FED.az AZAL-a istinadən xəbər verir ki, aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının dəstəyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən Tibb-Sanitar İdarəsində təşkil olunub.
Tədbirdə AZAL-ın 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiyada iştirak etməzdən əvvəl onların sağlamlıqları Mərkəzi Qan Bankının həkimləri tərəfindən yoxlanılıb.
Qanvermə aksiyası AZAL-ın sosial məsuliyyət fəaliyyəti çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən, ağır qəza, cərrahi əməliyyat və ya təbii fəlakət zamanı risk altına düşmüş şəxslərə dəstək olmaq məqsədilə həyata keçirilib.
AZAL gələcəkdə bu cür xeyriyyə tədbirlərini davam etdirməyi planlaşdırır.