Yanvarın 11-dən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.
FED.az xəbər verir ki, qatar həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək.
Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22:00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin bazar günləri saat 6:00-da çatacaq.
Onu da deyək ki, Naxçıvan-Məşhəd qatarında gediş haqqı 40 isveçrə frankıdır. Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul edilir.
Xatırladaq ki, bu gün Mərkəzi bankın elan etdiyi rəsmi məzənnələrə əsasən, 1 isveçrə frankı 1.7397 manatdır. Beləliklə, Naxçıvan-Məşhəd reysində səfər etmək təxminən 70 manata başa gələcək.