Bu gün İranda başlayan müharibə səbəbindən Yaxın Şərq ölkələrinə uçuşlar dayanıb.
Azərbaycandan da bir neçə ölkəyə uçuşlarda problem yaranıb və təyyarələr geri qayıdıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bakıdan İsrailə – Təl-Əviv-ə uçan təyyarə də geri qayıdıb. Bu barədə Azərbaycan Hava Yolları şirkəti – AZAL məlumat yayıb.
«Azərbaycan Hava Yolları aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib»-deyə məlumatda bildirilir.
AZAL bildirib ki, Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.











