Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əsas infrastruktur sayılan Bakı-Tbilisi-Qars dəmiryolu hazırda öz gücünün 40-45%-i səviyyəsində fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin açıqladığı məlumatdan məlum olub.
Qurumun məlumatına görə, 2022-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 432 284 ton yük daşınıb. Xatırladaq ki, sözügedən dəmiryolu 2017-ci ildə işə düşüb və 2022-ci ildəki daşımaları da nəzərə alanda, o vaxtdan bəri 2017-2022-ci illər üzrə dəmiryolu ilə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolunun illik daşıma gücü təqribən 1 milyon tondur. 2022-ci ilin daşıma həcmlərini nəzərə alanda, bu imknaların hələlik 40-45%-dən istifadə olunur.
Dəmir Yollarında bu vəziyyətin fərqindədirlər: «Bu marşrut üzrə yük daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir»-deyə qurumun açıqlamasında bildirilir.
Maraqlıdır ki, hökumətin planlarında sözügedən dəmiryolunun gücünün 5 dəfə artırılaraq ildə 5 milyon tona çatdırılması nəzərdə tutulur. Bu barədə bir neçə gün əvvəl prezident İlhəm Əliyev bildirmişdi: «Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq»-deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, buna nail olmaq üçün müştərək tariflər də tənzimlənməlidir.