2022-ci ildə Azərbaycandan dəmiryolu ilə daşımalar bütün istiqamətlərdə kəskin artıb.
FED.az xəbər verir ki, «Azərbaycan Dəmir Yolları» QSC (ADY) ötən ildəki daşıma həcmlərinin ilkin göstəricilərini açıqlayıb.
Məlumata görə, 2022-ci ildə Azərbaycan üzəorindən dəmiyolla ümumi daşımalar 3,7 mln ton və ya 24% artaraq 18,7 mln ton təşkil edib.
Əsas artım tranzit daşımalarda baş verib. Belə ki, ölkə üzərindən tranzit daşımaları 2,9 mln ton və ya 65% artaraq 7,5 milyon tona tona yüksəlib.
ADY bildirir ki, yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.
«Tranzit daşımaları sahəsində regionun aparıcı tərəfdaşına çevrilməyi qarşısına hədəf qoyan ADY 2022-ci ildə bu sahədə dönüş nöqtəsi yarada bilmişdir»-deyə ADY daşımalardakı dəyişiklikləri şərh edir.
Belə ki, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton və ya təqribən 15% artaraq 3,9 mln ton, Şimal-Qərb dəhlizi ilə daşımalar isə 2 mln ton artaraq 2,9 mln ton olub. Dəmiryolu elan edib ki, Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınmışdır. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil olub.