Azərbaycanın dəmiryolu sistemində həyata keçirilən energetik islahatlar çərçivəsində gələcəkdə elektrik qatarlarının istifadə etdiyi elektrik enerjisinin bir hissəsnin bərpaolunan mənbələrdən alınması nəzərdə tutulur.
FED.az xəbər verir ki, martın 15-də Gülüstan sarayında keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında “Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu da imzalanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən FED.az-a verilən məlumata görə, bu sənədə uyğun olaraq, “Masdar” şirkəti Azərbaycan dəmir yolları sahəsində bərpa olunan və təmiz enerji layihələrinin (günəş və külək enerjisi) potensial inkişafı imkanını araşdıracaq, texniki və kommersiya cəhətdən mümkün olan bərpaolunan enerji layihələri müəyfən edəcək.
Dəmiryolunda ümumi enerji istehlakında yaşıl enerjinin payının artırılması məqsədilə indiyədək də işlər görülüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin 10 illik Korporativ strategiyası çərçivəsində enerji və yanacaq sərfinin azaldılması, yaşıl enerjinin isə ümumi enerji istehlakında payının artırılması və “Yaşıl maliyyələşmə” ilə bağlı təşəbbüslər strateji prioritetlər olaraq müəyyən edilib.
“Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən hissələrində dəyişən cərəyana keçidlə bağlı tikilən dartı yarımstansiyalarının istismarı mövcud sistemə nəzərən 30%-dək daha az enerji sərfiyyatına imkan verəcək.
Bərpaolunan enerjinin istehsalı üçün dəyişən cərəyanla işləyən lokomotivlərin texniki baxış və təmirinin həyata keçirilməsi məqsədi ilə yeni inşa edilmiş Biləcəri lokomotiv deposunda gücü 66 Kvt olan 147 ədəd günəş paneli və isitmə məqsədi ilə 160 ədəd günəş paneli, yeni inşa edilmiş Gəncə lokomotiv deposunda isə gücü 66 Kvt olan 210 ədəd günəş paneli və isitmə məqsədilə 140 ədəd günəş paneli quraşdırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən FED.az-a verilən məlumata görə, bərpa olunan enerji mənbələrindən alınan enerji həm qurumun inzibati binalarında, həm də elektrik dartı ilə işləyən qatarların hərəkətində istifadə ediləcək.