Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması ölkəmizin dayanıqlı inkişafında əsas hədəflərdəndir. Bu məqsədlə İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat və Maliyyə nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində müvafiq işlər görülür.
FED.az xəbər verir ki, Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib. Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə icraçı direktoru Çao Şuan, SARDA Group şirkətinin təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalı layihəsinə yaradılacaq birgə müəssisə tərəfindən təqribən 17.1 mln. ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin yaradılması planlaşdırılır.
Eyni zamanda, BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Şirkət gələcəkdə elektriklə işləyən yüngül yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir.
Xatırladaq ki, 1995-ci ildə yaradılmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən hesab olunur (Apa).