Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Naxçıvan, Bakı-Ağdaş, Bakı-Mingəçevir, Bakı-Gəncə və Sumqayıt-Lənkəran şəhərlərarası, paytaxtın 60 nömrəli şəhərdaxili, 141E, 150 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə FED.az-a Agentlikdən bildirilib.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Qanununa, Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 4 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən paytaxtın 60 nömrəli şəhərdaxili, 141E, 150 və 206 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə 4 Lot üzrə iyulun 12-də;
Bakı-Naxçıvan istiqamətində 4 Lot üzrə iyulun 16-da;
Bakı-Naxçıvan və Bakı-Ağdaş istiqamətlərində 4 Lot üzrə iyulun 19-da;
Bakı-Mingəçevir, Bakı-Gəncə və Sumqayıt-Lənkəran istiqamətlərində 3 Lot üzrə iyulun 23-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.