Azərbaycan aviaşirkətləri 2025-ci ilin 11 ayı ərzində Ermənistan hava məkanı üzərindən uçuşlar üçün təxminən 400 000 avro ödəyib.
FED.az biznes və iqtisadiyyat xəbərləri bildirir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsindən məlumat verilib.
Daha dəqiqi, Ermənistanın nəqliyyat qurumunun açıqlamasına görə, Azərbaycan tərəfi “Armaeronaviqasiya” QSC 2025-ci il yanvarın 1-dən noyabrın 30-dək olan dövr üçün 396 282 avro ödəyib.
Türkiyə aviaşirkətləri isə Ermənistana hava naviqasiya xidmətləri müqabilində 3,4 milyon avro köçürüb.
Qeyd edək ki, Azərbaycan tərəfinin hava naviqasiya xidmətləri üçün Ermənistana ödədiyi vəsaitin bir hissəsi Bakı Naxçıvan reysləri üçün ödənilib. Belə ki, 2023-cü ildə Azərbaycan aviaşirkətləri Ermənistana Naxçıvana və əks istiqamətdə uçuşlar üçün təxminən 90 min avro ödəmişdi. Amma son dövrlər Azərbaycandan digər ölkələrə uçan təyyarələr də Ermənistanın üzərindən keçməyə başlayıb və nəticədə hava naviqasiya xidmətlərinə görə, ödənilən məbləğ 2025-ci ildə təqribən 5 dəfə artaraq 400 min avroya yüksəlib.
Ermənistan Mülki Aviasiya Komitəsi onu da bildirib ki, qeyd olunan məbləğlərin köçürülməsi müəyyən edilmiş prosedura uyğun olaraq Eurocontrol təşkilatının Mərkəzi Yol Yığımı Ofisi vasitəsilə həyata keçirilib.










