“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC bu ilin ilk günlərindən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsi ilə ilk dəfə olaraq ixrac yönümlü yüklərin nəqlinə start verib.
Eləcə də bax: Türkiyə BTQ vasitəsi ilə - Çinə ilk İxracına Başlayır
Bu bardə FED.az-a şirkətdən bildirilib.
Məlumata görə, ixrac yüklərinin xarici bazarlara çıxarmaq, fəaliyyətinin əsas istiqamətlərindən sayan "ADY Express" bu dəfə “Baku Steel Company” MMC-inin istehsal etdiyi metal konstruksiyaları Türkiyəyə nəql etməyə müvəffəq olub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.
Metal konstruksiyalar ADY Express-in təqdim etdiyi yarımvaqonlara yüklənərək, Axalkalaki stansiyasına çatdırılıb. Burada Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılan yüklər daha sonra yolunu davam etdirilib.
Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır. Bakı-Tbilisi-Qars vasitəsi ilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur.
2020-ci ildə "ADY Express" Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 49 739 ton yük nəql edib ki, bu yüklərin 97% tranzit, 3% isə idxal yüklərin payına düşüb. Müqayisə üçün, 2019-cu ildə BTQ vasitəsi ilə şirkət 25 722 ton yük nəql etməyə müvəffəq olub.