“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” MMC dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “COSCO SHIPPING Lines”la əməkdaşlıq çərçivəsində Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarını Rumıniyanın Konstanta limanı ilə birləşdirən yeni xidmətə start verir.
FED.az xəbər verir ki, bu barədə “ADY Konteyner”in məlumatında bildirilir.
Məlumata görə, birgə layihə çərçivəsində Aktau və Türkmənbaşı limanları ilə Rumıniyanın Konstanta limanı arasında dəmiryolu və dəniz xətti ilə birgə daşımalar həyata keçiriləcək. Layihə çərçivəsində “ADY Konteyner” şirkəti konteyner qatarlarını Aktau və Türkmənbaşı limanlarından Xəzər dənizi və dəmiryolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılmasını həyata keçirəcək. Konteynerlər Batumidən Rumıniyanın Konstanta limanına “COSCO SHIPPING Lines”ın təqdim etdiyi gəmilər vasitəsilə daşınacaq.
Aktau və Türkmənbaşı limanları ilə Konstanta limanı arasında yeni dəmiryolu-dəniz əlaqəsi hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək, Çin və Orta Asiya ilə Avropanı sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.