Azərbaycanda dəmiryolu infrastrukturunun yenilənməsi ilə bağlı işlər həm də məhkəmə prosesləri ilə müşayiət olunur.
FED.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi Azərbaycanın konsaltinq şirkəti olan “Prima Management Consulting (PMG)” MMC-nin Almaniya şirkəti olan Railistics GmbH şirkətinin törəmə şirkəti olan “Railistics Azərbaycan” MMC-yə qarşı iddiasını təmin edib, və ikincinin qarşılıqlı iddiasına rədd edib.
Bir neçə gün əvvəl, daha dəqiqi aprelin 4-də Bakı Kommersiya Məhkəməsində baxılan iddiada iddiaçı şirkət cavabdeh tərəfdən indiyədək ödənilməyən 86 738 min manat ödənişi tələb edirdi.
Qeyd edək ki, «Prima Management Consulting (PMC)» yerli şirkətdir, «Railistics Azərbaycan» MMC isə Almaniyanın “Railistics GmbH” şirkətinin Azərbaycanda yaratdığı törəmə şirkətdir.
Bu iki şirkət birlikdə «Azərbaycan Dəmir Yolları» QSC ilə «Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması» layihəsi üzrə müqavilə bağlayıblar.
Məhkəmə işlərindən aydın olur ki, layihə çərçivəsində «Prima Management Consulting (PMC)» nin sifarişinin məbləği 235 min avro və ya 471 min manat təşkil edib. Məbləğin bir hissəsi ödənilsə də, iddiada qeyd edilən hissə ödənilməyib.
«Prima Management Consulting (PMC)» MMC şirkətindən FED.az-a verilən məlumata görə, şirkətlərin hər ikisi müqavilədə eyni statusda təmsil olunsalar da həyata keçirilən işlərə görə ödənişin «Railistics Azərbaycan» MMC-yə edilməsi, sonra isə hər tərəfin öz payını götürməsi qərara alınıb.
Müştəri, yəni «Azərbaycan Dəmir Yolları» QSC bu işlərə görü ödəniş etsə də, «Railistics Azərbaycan» MMC qarşı tərəfə sözügedən 86 738 min manatı ödəməkdən imtina edirdi. Ödənişlə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bu məbləğ aprel ayına kimi ödənilməyib.
Qeyd edək ki, «Prima Management Consulting (PMC)» şirkəti alman şirkətinin Azərbaycandakı törəməsinə qarşı iddia qaldırandan sonra alman şirkəti də «Prima Management Consulting (PMC)»ə qarşı qarşılıqlı iddia qaldırıb və ondan 43 712 manat tələb edib.
«Prima Management Consulting (PMC)»dən FED,az-a bildirilib ki, ödənişlə bağlı mübahisənin gedişində «Railistics Azərbaycan» MMC şirkəti məhkəmə araşdırılmasının Almaniya məhkəməsində aparılmasına çalışıb, və bunu tərəflərdən birinin Almaniya şirkəti olması ilə əsaslandırmağa çağılıb. Baxmayaraq ki, şirkətlər arasında imzalanan müqavilədə yarana biləcək mübahisələrə Azərbaycan məhkəmələrində baxılacağı qeyd edilmişdi. Yerli məhkəmə də alman şirkətinin bu cəhdlərini rədd edib, qarşı tərəfə bildirilib ki, Almaniya şirkətinin Azərbaycan törəməsi Azərbaycanda, yerli qanunvericiliyə əsasən təsis edilib və araşdırma yerli məhkəmədə davam edəcək.
Təqribən 1 il əvvəl, 2023-cü ilin aprelindən başlayan mübahisənin gedişində tərəflər mediasiya mərhələsində də razılığa gələ bilməyiblər. İlkin və Sonrakı Mediasiya Sessiyası uğursuzluqla bitib və iş Bakı Kommersiya Məhkəməsində araşdırılıb.
Burada hakim Kənan Hüseynovun sədrliyi ilə aparılan araşdırmada «Prima Management Consulting (PMC)» iddiasının əsaslığı olduğunu sübut edib, qarşı tərəfinin qarşılıqlı iddiası isə rədd edilib.
Qaydalara əsasən qətnamədən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Şikayət verilmədikdə, bu qətnamə 1 ay sonra qanuni qüvvəyə minəcək.