Türkiyə hökuməti ölkənin maliyyə sektorunda şəffaflığın artırılması üçün yeni tədbirlərə başlayıb.
«Kartdan karta» əməliyyatını addım-addım qadağan edirlər – TÜRKİYƏDƏ DAHA BİR YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qardaş ölkədə iri pul köçürmələri üzərində bir neçə qat nəzarət olacaq.
Türkiyənin Maliyyə Cinayətlərinin araşdırılması Şurası (MASAK) qeyri-adi maliyyə aktivliyini izləmək və pulların yuyulması prosesinə nəzarət üçün yeni qaydalar tətbiq edib.
Bu qaydalar həm fiziki, həm də hüquqi şəxslərin hesabatlılığına aid olacaq. Belə ki, iri ödənişlər edən və ya belə ödənişləri alan tərəf hesabat verməli olacaq. Beləliklə,
Məbləği 200 000 – 2 000 000 lirə (təqribən 4 670-46 700 dollar arasında) olan köçürmələr zamanı köçürməni edən tərəf köçürmənin səbəbi ilə bağlı yazılı izahat verməli olacaq (azı 20 hərflik mətn).
Məbləği 2 milyon – 20 milyon lirə (təqribən 46 700 – 467 000 dollar arasında) olan köçürmələr zamanı köçürməni edən tərəf rəsmi bəyannamə verməlidir.
Məbləği 20 milyon lirədən artıq (467 000 dollardan artıq) olan köçürmələr zamanı köçürməni edən tərəf isə köçürmənin məqsədi, xarakteri və bu vəsaitin mənbəyi ilə bağlı ətraflı sənədlər və hesabatlar təqdimetməli olacaq.
Paralel olaraq köçürülən pulu alan tərəf də yoxlanılacaq. Belə ki,
Pulu alan tərəf bu pulu bank hesabına yatırırsa, bu vəsaitin mənbəyi barədə məlumat verməyə hazır olmalıdır.
Məlumatlara nəzarət ediləcək – yeni qaydalara əsasən pulunu köçürülməsi ilə bağlı bütün yazılar (o cümlədən elektron qeydlər) və müşayiətedici sənədlər yoxlanılmaq üçün birbaşa MASAK-a göndəriləcək.
Türkiyə hökuməti bildirir ki, bu sahədəki cərimələrin sərtləşdirilməsi, tələblərin və sənədlərin artırılması qeyri-rəsmi əməliyyatların və qanunsuz maliyyə fəaliyyətinin qarşısının alınması məqsədi daşıyır.









