Türkiyə milli valyutası dəyərini itirməyə davam edir. Ötən həftənin son ticarət sessiyasında (mayın 1-də) ABŞ dolları 7 lirə psixoloji həddini keçdi. Hazırda (6 may, 2020) 1 ABŞ dolları 7,1 TL-dən, 1 avro isə 7,7 TL-dən bahadır.
Eləcə də bax: Türkiyədə dollar - 7,12 LİRƏ OLDU
FED.az məlumat verir ki, lirənin ucuzlaşması prosesi koronavirus pandemiyasından xeyli əvvəl başlayan trenddir və bunun əsas səbəbi ölkə iqtisadiyyatının durumudur. Lakin koronavirusla əlaqədar istər ölkədə, istərsə də dünyada iqtisadi aktivliyin minimuma enməsi Türkiyəyə daha böyük zərbə vurub.
Türkiyənin valyuta gəliri mənbələrini 4 ana istiqamət üzrə qruplaşdırmaq olar:
- İxracat (2019-cu ildə əldə olunan gəlir – 171 milyard 579 milyon $);
- Turizm (2019-un gəliri – 34 milyard 520 milyon $);
- Beynəlxalq quru yolu daşımaçılığı və logistika xidmətləri (ötənilki gəlir – 25 milyard $);
- İnşaat sektorunun xaricdəki gəlirləri (ötən il – 18 milyard $).
Lakin Türkiyənin valyuta gəlirlərinin böyük qismi idxala sərf olunur. 2019-cu ildə idxalata 202 milyard 704 milyon dollar xərclənib – baxmayaraq ki, 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9% azalma baş verib. İqtisadiyyatın çarxlarının dönməsi üçün ehtiyac duyulan xarici valyutanın digər mənbələri kimi birbaşa xarici yatırımları və ölkəyə qısamüddətli nəğd valyuta daxilolmalarını, əcnəbilərin birja yatırımlarını, xəzinənin beynəlxalq bazarlara çıxardığı istiqrazları və borclanmalarını, özəl sektorun və özəl bankların xaricdən aldıqları sindikasiya kreditlərini qeyd etmək olar.
Koronavrusla əlaqədar qlobal ticarət həcmi azaldı, sərhədlər bağlandı, hava yolu əlaqələri kəsildi, turizm sahəsində sifarişlər dayandı. Türkiyənin əsas ixrac bazarı Avropa bazarı da qapandı. Bunun nəticəsində mart ayında Türkiyənin ixracatı bir ilin əvvəlin müvafiq dövrü ilə müqayisədə 18% aşağı düşdü, aprel ayının nəticələri isə fəlakətdir: ixracatda 41,38% azalma qeydə alınıb. Bu, o deməkdir ki, valyuta gəlirləri də kəskin şəkildə azalır. Turizmin müvəqqəti də olsa, çöküşü bu il ölkəni ehtiyac duyduğu nəğd valyuta daxilolmalarından məhrum edib. Xarici kapital da qaçır. 2020-ci ilin yanvarından aprelin əvvəllərinə qədər Türkiyədən 7 milyard dollar çıxarılıb.
Mərkəzi Bankın valyuta ehtiyatları da kəskin azalıb. Aprelin sonuna olan məlumata əsasən Türkiyənin toplam qızıl-valyuta ehtiyatları 87 milyard 911 milyon dollar həcmindədir. (2019-cu ilin yekununda Türkiyənin 106 milyard 319 milyon dollar qızıl-valyuta ehtiyatı var idi.) Brüt (brutto) valyuta rezervləri 52,7 milyard dollardır. Net rezervlər haqqında adətən rəsmi açıqlama verilmir, amma tanınmış iqtisadçı, keçmiş xəzinə müstəşarı Mahfi Əyilməzin hesablamalarına əsasən Türkiyənin net rezervləri tükənib və neqativə düşüb.
Ölkənin qısamüddətli (qarşıdakı 1 ildə) toplam xarici borc miqdarının 172 milyard dollar olduğu da nəzərə alınarsa, vəziyyətin nə qədər kritik olduğu anlaşılar. Türkiyəyə valyuta lazımdır. Bunu əldə etməyin 2 əsas yolu var:
– Beynəlxalq Valyuta Fonduna (İMF) müraciət edib, stand-by krediti istəmək;
– ABŞ Mərkəzi Bankının (FED) swap xəttinə daxil olmaq.
İMF krediti: prezident Ərdoğanın qürur məsələsi
Türkiyənin indiki rəhbərliyi heç bir şərt altında Beynəlxalq Valyuta Fondundan borc istəməyəcəyini bəyan edib və edir. Bu, şəxsən prezident Ərdoğan qürur məsələsinə çevrilib. R.T.Ərdoğan hakimiyyətə gəldikdən üzü bəri özündən əvvəlki hökumətlərin İMF-dən borc almasını tənqid atəşinə tutur, digər siyasi qüvvələrin ölkəni və xalqı xarici yardıma möhtac duruma saldığını bildirir, məhz özünün hakimiyyəti dövründə bütün bunlara son qoyulduğunu, İMF-ə olan borcun tam ödənildiyini, hətta Türkiyənin İMF-ə borc verdiyini vurğulayır. (Türkiyə İMF-in üzvüdür və bu quruma üzvlük haqqı ödəyir.) Türkiyənin hazırda (ötən ilin yekunlarına əsasən) 437 milyard dollar xarici borcu olmasına rəğmən, prezident hələ də kütlələr qarşısında çıxışlarında hakimiyyətə gəldikdən sonra borcları bağladığını və xalqı yabançıya möhtac durumdan çıxardığını təntənə ilə bəyan edir. Belə bir vəziyyətdə Beynəlxalq Valyuta Fondundan borc istəmək Rəcəb Tayyib Ərdoğanın qürurlandığı uğur hekayəsini yox edər və onun öz kütləsi qarşısında prestijinə ağır zərbə vurar. Halbuki İMF çox əlverişli şərtlərlə (1%-lə) kredit verir, üstəlik, Türkiyənin üzvlük haqqı ödədiyi bir qurumdan borc alması qəbahət deyil.
Türkiyə hazırda digər kanaldan dollar əldə etməyə üstünlük verib və FED-ə müraciət edərək onun swap xəttinə daxil olmaq istədiyini bildirib. FED koronavirus böhranından sonra 14 dost və müttəfiq ölkənin mərkəzi bankları ilə bu cür mübadilə sistemi qurub: ölkələr likvidlik problemini həll etmək üçün FED-dən dollar alır və əvəzində eyni dəyərdə milli valyutalarını FED-ə verirlər. Lakin prezidentlər Ərdoğan və Tramp arasındakı isti münasibətlərə baxmayaraq, Türkiyənin müraciətinə hələ ki müsbət cavab verilməyib. Bunun həm siyasi, həm də iqtisadi səbəbləri var. ABŞ siyasi səviyyədə Türkiyədən tələb edir ki, Rusiyadan aldığı S-400 zenit-raket kompleksindən imtina etsin. Ankara S-400-ü aprel ayında aktivləşdirməyi düşünürdü, lakin koronavirusu səbəb göstərərək bu planını təxirə saldı. Vaşinqton bunu yetərli saymır, tam imtina gözləyir. Məsələnin iqtisadi tərəfi isə budur ki, Türkiyənin əlində FED-ə təminat kimi göstərmək üçün yetərli səviyyədə ABŞ qiymətli kağızı yoxdur. İki il əvvələ qədər Türkiyə öz ehtiyatlarının təxminən 80 milyard dollarını ABŞ istiqrazlarına yatırmışdı, amma Rza Zərrab, “Halkbank”, rahib Branson qalmaqallarına görə sanksiya və cərimə təhlükələri olduğu üçün Türkiyə hökuməti ABŞ kağızlarından çıxdı və indi əlində 2,8 milyard dollarlıq ABŞ istiqrazı var. Bu, FED üçün çox yetərsiz miqdardır.
Hazırda Türkiyə Mərkəzi Bankı öz əlindəki vasitələrlə “yanğın”a müdaxilə edir və emissiya alətinə əl atıb. Yəni, lirə çap edir. Ötən ay təxminən 40 milyard TL-nin dövriyyəyə buraxıldığı bildirilir. Aydındır ki, bu addım yalnız qısamüddətli effekt verə bilər və problemə köklü çarə deyil.
TL-nin ucuzlaşmasının Azərbaycana təsirləri
Türkiyə-Azərbaycan dövlətlərarası və xalqlarası münasibətləri haqqında uzun danışmağa ehtiyac yoxdur. Türkiyə həm də bizim ən iri xarici ticarət tərəfdaşlarımızdan biridir. Lirənin çöküşü Azərbaycanla qarşılıqlı ticarətə və əlaqələrə necə təsir edəcək?
İqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycanın xarici ticarətinin 10-13%-i bu ölkənin payına düşür: “Türkiyə Rusiyadan sonra bizim ən böyük idxalat həyata keçirdiyimiz tərəfdaşdır: ölkəyə daxil olan malların 13-14%-i onun payına düşür. Türkiyədə iqtisadi vəziyyət pandemiyadan əvvəl də ürəkaçan səviyyədə deyildi. Pandemiya səbəbindən iqtisadi aktivliyin zəifləməsi problemi daha da dərinləşdirib. Milli valyutaya təzyiq səviyyəsini qiymətləndimək üçün tələb olunan məlumatları özündə əks etdirən tədiyyə balansı hələ ki fevral ayını əks etdirir. Böyük ehtimalla bu göstəricilər daha da pisləşib. Fevral ayı göstəricilərinə baxdıqda lirənin niyə ucuzlaşdığını görmək olar. Məsələn, iki ay ərzində cari hesablar balansının kəsiri artaraq 2,8 milyard dollar olub. Birbaşa investisiyalar təkcə fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 129 milyon azalaraq 309 milyon dollara düşüb, yanvar-fevral ayı üzrə 1,1 milyarda (146 milyon azalma) bərabər olub. İki ay üzrə göstəricilərə baxsaq, portfel investisiyalarında vəziyyət daha gərgindir. İki ay ərzində bu investisiyaların cəlbində 840 milyon kəsir (outflow) yaranıb. Halbuki ötən ilin müvafiq dövründə 7,7 milyard dollar profisit (net inflow) mövcud olub. Kapital axınının güclənməsi, investisiyaların azalması milli valyutaya təzyiqi artırır.”
S.Əliyev qeyd etdi ki, Azərbaycan manatı dollara bağlı olduğundan lirənin dollara qarşı ucuzlaşması avtomatik olaraq onu manata qarşı da ucuzlaşdırır:
“Bunun Azərbaycana daha çox sosial baxımdan müsbət təsiri var. Türkiyədən gələn malların ucuzlaşması imkanı yaranır. Eyni zamanda bu, ölkədə təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının manat ifadəsində ucuzlaşmasına səbəb olur. Mənfi təsirlər kimi onsuz da zəif olan qeyri-neft ixracımıza təsirini, Türkiyədə işləyib, vətənə pul göndərən soydaşlarımızın gəlirlərinin azalmasını və Azərbaycandan bu ölkəyə kapital axınının (məsələn, əmlak bazarına) güclənməsini qeyd etmək olar. Digər tərəfdən, Türkiyədə istirahətin cəlbediciliyinin artması koronavirus böhranından sonra Azərbaycandan ora turist axınını daha da gücləndirə bilər ki, bu da bizim daxili turizmə zərbədir. Turist axını həm də ölkədən valyuta çıxışı deməkdir.”
Press Klub