İş adamları, investorlar, eyni zamanda adi vətəndaşlar bəzi hallarda təcili pul problemi ilə üzləşirlər. Məsələn, vətəndaş banka depozit qoyur, və yaxud hər hansı bir sahəyə yatırım edir. Amma təcili pul lazım olduğu halda çıxılmaz duruma düşə bilir. Bunun üçün banka qoyduğu vəsaiti çıxarsa gəlirdən məhrum olur. Digər halda depozit qoyduğu bankdan kredit götürmək isə daha baha başa gəlir.
Amma hazırda Azərbaycanda elə yatırım imkanları var ki, həm gəlir təklif etməklə yanaşı, ən aşağı faizlə borc təklif edir. Eyni zamanda girovun maksimal həddində borc götürmək imkanı yaradılır. Söhbət SOCAR istiqrazlarında gedir.
... girov qoyub təcili pul götürmək olur
SOCAR CAPİTAL şirkətinin əməliyyatlar və investisiyalar departamentinin direktoru Elxan Həsənov Fins.az-a açıqlamasında SOCAR İstiqrazları gəlirlilik imkanı ilə yanaşı, həm də qısamüddətli borclanma instrumentidir.Yəni, təcili nağd pul imkanı kimi də digər maliyyə alətlərindən üstündür: “Sizin 10 min dollarlıq SOCAR istiqrazınız var və təcili pul ehtiyacınız var. Məsələn, oğlunuz üçün toy edəcəksiniz və bir ay ərzində nağd pul lazımdır. Bu zaman fikirləşirsiniz ki, əlinizdə olan istiqrazı satasınız və pul əldə edəsiniz. Amma istər istəməz alqı-satqı arasında fərqə görə istiqrazı satmaq itkidir. Məsələn, hazırda bu istiqrazı 1010 dollara satmaq olur. Alış isə 1020 dollardır. Bu itki olmasın deyə istiqrazı girov qoyub borc götürmək olur”.
E.Həsənov bildirib ki, bunun üçün SOCAR istiqrazı repo əməliyyatına cəlb edilir. İstiqraz müştəridə olduğu halda girov qoyulur və bir gün ərzində nağd pul götürülür: “Bunun üçün investisiya şirkətinə gedib repo əməliyyatı etmək istədiyinizi bildirirsiniz. Öz istiqrazlarımı təminat olaraq qoyursuz və bir aylıq cüzi faizlə borc alırsız”.
Ən aşağı faizlə borc verir
O bildirib ki, SOCAR istiqrazları həm də ən aşağı faizli borc imkanıdır. Belə ki, SOCAR istiqrazını girov qoymaqla bir aya kimi illik 3,5%-lə borc almaq olur: “Bank kreditləri illik 17-20%-lə verilir. SOCAR istiqrazı üzrə isə bu cəmi 3,5% təşkil edir. 5000 min dollar borcun bir aylıq xərci cəmi 10 dollar təşkil edir. Borcu maksimum 84 günlük götürmək olar. Bu müddət ərzində 10 min dollar borcun faizi 105 dollar təşkil edir. Və bir gün ərzində əldə etmək olur”.
Girovun maksimal həddində borc verilir
Məsələnin daha bir maraqlı tərəfi isə ondan ibarətdir ki, digər maliyyə alətlərindən, o cümlədən bank kreditlərindən fərqli olaraq SOCAR istiqrazları girovun maksimal həddində borc almağa imkan verir. E.Həsənov bildirib ki, başqa bir instrumentlə borc pul götürmək istəsəniz herekat dediyimiz kəsinti var. Müştəri qoyduğu girovun 60%-i qədər borc ala bilir. Amma SOCAR istiqrazında bu 95%-dir: “Yəni, siz 10 min dollarlıq SOCAR istiqrazını girov qoymaqla 9500 dollar borc götürə bilərsiz. Hətta, borcu 3 günlük də götürmək mümkündür. Müştəri səhər müraciət edirsə, axşam artıq məbləğ onun hesabında olur”.
Sadəcə vətəndaşlar da SOCAR istiqrazı ilə repo əməliyyatına başlayıb
E.Həsənov eyni zamanda son dövrlər bu imkanlarına görə SOCAR istiqrazlarına marağın artdığını bildirib. Belə ki, əvvəlcə hüquqi şəxslər, daha çox şirkətlər bu istiqrazlara maraq göstərirdi. İndi isə artıq fiziki şəxslərin də bu istiqrazlara marağı artıb. Fiziki şəxslər eyni zamanda SOCAR istiqrazları ilə repo əməliyyyatları da həyata keçirirlər: “Hətta sadə vətəndaşlardan biri bu yaxınlarda SOCAR istiqrazını girov qoyaraq 3000 dollar məbləğində borc götürüb”.
“Qlobal bazarda belə girov qoyulduğu halda gəlir gətirən istiqraz yoxdur”
SOCAR istiqrazının girov qoyularaq borc götürülməsi onun gəlirlilik imkanına təsir etmir. Yəni, borc götürsəniz də istiqrazınız sizə illik 5% gəlir gətirməkdə davam edir. “PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli Fins.az-a açıqlamasında bu imkanına görə SOCAR istiqrazının hətta qlobal bazarda da üstün olduğunu deyib:” Beynəlxalq təcrübədə repo əməliyyatları zamanı borc faizi gəlir faizindən yüksək olur. Amma SOCAR istiqrazlarında borc faizi gəlir faizindən aşağıdır. Yəni, istiqraz üzrə illik gəlirlilik 5%-dirsə, qısamüddətli borc 3,5%-lə verilir”.