Azərbaycanda problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, ölkədə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi təhlükəli həddə çatıb və belə bir qanunun qəbulu kredit problemi ilə üzləşmiş insanların gözləntilərinin özünü doğrultmasında mühüm roy oynaya bilər.
Qeyd edək ki, 2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 226,2 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 9 milyard 872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 96,6 faizi banklar, 3,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 890,3 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.