Regional layihələri maliyyələşdirilə bilən və operativ etmək üçün 4 mühüm əsas məqam nəzərə alınmalıdır.
“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə - TƏYİN OLUNUB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “PAŞA Maliyyə Holding”in Baş İcraçı direktoru Fərid Məmmədov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “Özəl Sektor Forumu - 2026” tədbirində çıxışında deyib.
Fərid Məmmədovun sözlərinə görə, həmin komponentlər aşağıdakılardır:
1. Real texniki-iqtisadi əsaslandırma (Feasibility)
Yerli konteksti, biznes mühitini və bank sektorunu yaxından tanıyan regional oyunçular və özəl sektor nümayəndələri olaraq bizim əsas rolumuz layihələrə real texniki-iqtisadi əsaslandırma qazandırmaqdır. Bu əsaslandırma layihəyə təkcə yüksək səviyyəli strateji və ya qlobal iqtisadi nöqteyi-nəzərdən deyil, həm də yerli qanunvericiliyin, kommersiya və maliyyə reallıqlarının gözü ilə baxmağı tələb edir.
Azərbaycanda İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan ÖƏT (Dövlət-Özəl Tərəfdaşlığı / PPP) çərçivəsi də məhz bu dörd fundamental nöqtəyə əsaslanır: Sövdələşmələrin real olması üçün iqtisadi, strateji, maliyyə və kommersiya baxımından texniki-iqtisadi əsaslandırması mütləq mövcud olmalıdır.
2. Sərhədlər arasında uyğunlaşma (Harmonization)
Əgər regiondakı fərqli ölkələrin sərhədlərinin hər birində yük maşınları uzun müddət dayanıb gözləyirsə, bu, inteqrasiya olunmuş layihə deyil, sadəcə mexaniki şəkildə bir yerə yığılmış fərqli sövdələşmələrdir. Biz öz təcrübəmizdə regional inteqrasiyaya böyük önəm veririk. Məsələn, bizim investisiya qoyduğumuz birgə müəssisələrdən biri Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" ilə tərəfdaşlığımızdır. Ölkələr arasında e-ticarəti və ümumi ticarət dövriyyəsini inteqrasiya etmək səylərimizin tərkib hissəsi olaraq, İqtisadiyyat Nazirliyi və Ələt Azad İqtisadi Zonası ilə birlikdə regional miqyasda uyğunlaşdırılmış vahid marşrut inkişaf etdiririk.
3. Ağıllı risk bölgüsü (Sensible risk sharing)
Bu bənd panel iştirakçılarının qeyd etdiyi fikirlərlə tam üst-üstə düşür. Regional və yerli oyunçuların riskləri bölüşməsinə kömək etmək üçün İnkişaf Maliyyə İnstitutlarının (DFIs) və Çoxtərəfli İnkişaf Banklarının (MDBs) rolu kritik əhəmiyyət kəsb edir. Bəzən bu risklər sadəcə subyektiv qavrayışdan (perception) ibarət olur, bəzən isə iqtisadiyyatların və ya yerli şirkətlərin miqyası ilə bağlı real xarakter daşıyır. Beynəlxalq maliyyə qurumları yerli tərəfdaşların bu riskləri absorb etməsinə (həzm etməsinə) dəstək olmalıdır.
4. Effektiv ÖƏT (PPP) mexanizmi
Özəl sektor layihəyə hər şey hazır olduqdan sonra deyil, lap əvvəldən — dizayn və strukturlaşdırma mərhələsindən cəlb edilməlidir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Nazirlik layihələrin siyahısını xeyli əvvəlcədən elan etdi ki, özəl sektor nümayəndələri hökumətlə birlikdə həllərin dizaynı üzərində işləyə bilsinlər.
Digər tərəfdən, Azərbaycan Respublikasının Mərkəzi Bankı da layihələrin maliyyələşdirilməsi çərçivəsini (project finance framework) təkmilləşdirib. Bu addım yerli banklara və şirkətlərə əks halda təkbaşına öhdəsindən gələ bilməyəcəkləri riskləri sığortalamağa imkan yaradır.














