Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.
Palatadan FED.az-a verilən məlumata görə, MBNP-nin Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı aprel ayında tamamlanan və may ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində görülmüş işlər barədə danışılarkən qeyd olunub ki, Palata tərəfindən hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun layihəsinin hazırda banklar, xidmət mərkəzləri, beynəlxalq kart təşkilatları və aidiyyəti beynəlxalq maliyyə təşkilatları ilə müzakirəsi aparılır.
Bundan əlavə, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə alətlərinin istifadəsinin genişləndirilməsi, maliyyə xidmətləri sektorunda hesabatlılığın şəffaflığının artırılması, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə görülmüş işlər müzakirə edilib. Qeyd olunub ki, sadalanmış istiqamətlər üzrə şəffaflığın və peşəkarlığın artırılması məqsədilə Palata beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.