Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Hüquq və icraat departamentinin Hüquqi təminat idarəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.
Vakant vəzifə üzrə tələblər:
Tam ali təhsil (Hüquq)
5 il iş təcrübəsi (azı 2 il rəhbər təcrübəsi)
Səlis Azərbaycan dili, yüksək səviyyədə ingilis dili bilikləri
MS Ofis proqramları üzrə peşəkar biliklər
Vəzifə öhdəlikləri:
Maliyyə bazarlarına aid olan mövcud qanunvericiliyinin beynəlxalq standartlara uyğun olaraq mütəmadi təkmilləşdirilməsi və milli qanunvericiliyin bu sahədə qəbul edilmiş hüquqi aktlara uyğunlaşdırılması prosesinə nəzarət etmək;
MBPN-nin müvafiq departamentlərinə maliyyə bazarlarına nəzarət sahəsində tədbirlərin həyata keçirilməsində hüquqi yardım göstərilməsi;
MBPN-nin fəaliyyəti ilə əlaqədar hüquqi təminatın həyata keçirilməsi;
Maliyyə bazarlarına aid olan hüquqi aktların layihələrinin hazırlanması, razılaşdırılması və qüvvəyə minməsi və daxil olan hüquqi aktlar layihəsinə rəylərin verilməsi;
Qüvvədə olan qanunvericilik, xarici dövlətlərin qanunvericiliyi və beynəlxalq standartların təhlili üzrə sənədlərin hazırlanması;
Məhkəmə instansiyalarında MBPN-nin təmsil edilməsi;
Maliyyə bazarları sahəsində hüquqi aktlara, dövlət proqramlarına, beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatlara dair rəy və təkliflərin, habelə MBPN-nin digər aidiyyəti hesabat layihələrinin hazırlanmasında iştirak etməsi;
MBPN-nin bağladığı təsərrüfat və digər mülki-hüquqi xarakterli müqavilələrin tərtib edilməsi və onların hüquqi ekspertizasının həyata keçirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə 15 fevral 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.