Azərbaycanda vətəndaşların öz ehtiyat pullarının bir hissəsini "yastıq altında" həm manatla həm də dollarda saxlayırnılır. Və bu zaman bəzi gözlənilməz sıxıntılar meydana çıxır.
Azərbaycanda banklarının əksəriyyəti 1993-cü il istehsalı olan 100 dollarlıq əsginası dəyişməkdən imtina edirlər. "NBC bank", "Express bank", "Kapitalbank", "Unibank", "Bank Respublika" və digərləri vətəndaşlara 1993-cü il istehsalı olan 100 dollarlıq əsginasların ABŞ-da dövriyyədən çıxdığını bəhanə gətirərək onları dəyişməkdən imtina edib.
Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətinin cavabı isə belə olub: "Qeyd olunan məsələ adları çəkilən banklardan ikisi ilə araşdırılıb. Bankların bildirdiyinə əsasən, 1993-cü il emissiyası olan ABŞ dolları əskinasları banklar tərəfindən qəbul edildikdən sonra digər müştərilərə təkrar satıla bilmir. Bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir".
"Bu vəsaitlərin həcmi də çox olmadığından nağd formada xarici ölkəyə daşınması, daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əskinaslar istifadə edilə bilmədiyi üçün banklarda "ölü" vəsaitə çevrilir. Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əsginaslar qəbul edilmir", — deyə Palatadan bildirilib.
MBNP-dən o da vurğulanıb ki, mövcud qanunvericilikdə manat pul əskinaslarının banklar tərəfindən qəbul edilmə çərçivəsi müəyyən edilib: "Qanunvericilikdə xarici valyutanın banklar tərəfindən qəbul edilməsi ilə bağlı öhdəlikləri isə müəyyən edilir. Bununla belə, "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması" qaydalarında banklar tərəfindən tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli komisyon haqlarının müəyyən edilməsinə yol verilmir".
Ekspert Əkrəm Həsənovun isə məsələyə yanaşması belə olub: "Bank şərt qoya bilər ki, "mən bu ildən sonra çap olunan pulu alıram". Buna onların hüquqları çatır. Dolların dövriyyədən çıxmasını isə Amerika saytlarından bilmək olar".
Ekspert "Qəbul etmək vəzifələri olmadığı halda, köhnə əsginasları niyə satırlar?" sualına isə ekspert belə cavab verib: "Bu, başqa məsələdir. Amma yenə də bank deyə bilər ki, "satıram, amma almıram". Çünki qanunda onlara məhdudiyyət qoyulmayıb. Sadəcə qanunda boşluq var. Ona görə də vətəndaşlar xarici valyuta alan zaman diqqətli olmalıdırlar".
sputnuk.az