Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) keçən il mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirləri artırıb.
FED.az xəbər verir ki, bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edilib ki, 2017-ci ildə Neft Fonduna dövlətin payına düşən mənfəət neftinin və qazın satışından 6 milyard 410 milyon ABŞ dolları həcmində vəsait daxil olub. 2016-cı ildə isə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-in büdcəsinə 5 milyard 189,1 milyon ABŞ dolları və ya 8 milyard 320 milyon manat məbləğində vəsait daxil olmuşdu. Beləliklə də ötən il Dövlət Neft Fondunun mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirləri 1 milyard 220,9 milyon dollar artıb.
Xatırladaq ki, 2016-cı ildə ARDNF-ə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3 faizi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından əldə edilib. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ dolları, “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon dollar və digər yataqlar üzrə isə 24,9 milyon dollar həcmində vəsait daxil olub.