Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta məzənnəsinin aktiv şəkildə idarə olunması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.
FED.az xəbər verir ki, “APA-Economics”in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, çevik məzənnə rejimi saxlanacaq.
“Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda qeyd olunduğu kimi xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Ümumilikdə, qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyə balansı və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır”, - deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.
Xatırladaq ki,bəzi mətbuat orqanlarında "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkətinə istinadən Azərbaycanın yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlaması barədə məlumatlar yayılıb.