Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank konservativ pul siyasətini davam etdirəcək. FED.az xəbər verir ki, milli valyutanın qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə qurum məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edəcəyinə dair fikirlər səsləndirib.
Mərkəzi Bankın yaydığı məlumata görə, pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək.
Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər. Yəni bu ildə Məkəzi Bank manatı yığmaq üçün depozit hərracından və notlardan geniş istifadə edəcək, hətta bəzi hallarda hərraclarda təklifi yüksəldə bilər.