Bağlanan “Bank Standard”ın 82 iddiaçısının Mərkəzi Banka və Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati İqtisad məhkəməsi qərardad çıxarıb. FED.az xəbər verir ki, iddia üzrə tələbin məbləği 47 milyon dollardan çoxdur və şikayətçilər qorunmayan əmanətlərin sahibləridir.
Əkrəm Həsənov haqqında xüsusi qərardad çıxarılıb
FED.az-ın əldə etdiyi etibarlı məlumatlara görə, məhkəmə iddiaçıların müraciətini mümkünsüz sayıb. Səbəb isə prosesual tələbin pozulması göstərilib. Üstəkil, Əkrəm Həsənovun hərəkətlərində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad da qəbul edilib.
...mümkün sayılmasın!
Elan edilən qərardada görə, iddia tələbləri vəkil Əkrəm Həsənov tərəfindən tərtib ollunmuş iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməməsi səbəbindən, yəni pretenziya tələbinə əməl etmədən birbaşa məhkəməyə müraciət etdiyi üçüb 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 24 may 2018-ci il tarixli qərardadı ilə mümkün sayılmayıb.
İş prokurorluğa göndərilib
Bundan əlavə, vəkil Əkrəm Həsənovun əməllərində cinayət əlamətlərinin olması iddiası ilə cavabdehlərin nümayəndəsi tərəfindən vəsatət verilmiş, vəsatət məhkəmə tərəfindən təmin edilib. Belə ki, vəkil Ə.Həsənov barəsində əməlində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul edilib və iş prokurorluğa göndərilib (MPM 265.4).
“Mərkəzi Bank illər boyu Bank Standard-a nəzarət etməyib”
Məsələyə vəkil Əkrəm Həsənovdan da münasibət aldıq. O, FED.az-a açıqlamasında bildirdi ki, “Bank Standard”an pulunu geri ala bilməyən 82 nəfər hesab edir ki, bunun günahkarları Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Çünki Mərkəzi Bank illər boyu Bank Standard-a nəzarət etməyib və nəticədə bankın rəhbər şəxsləri onu talan ediblər, bu isə əmanətçilərin zərərə düşməsinə səbəb olub.
Maliyyə Bazarlarına Nəzarət Palatası isə bankın fəaliyyətinin son 5 ayı ərzində sağlamlaşdırma aparıb, halbu ki, bu sağlamlaşdırma özü qanunsuz olub. Buna görə də 82 nəfər iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Palatadan onların xeyrinə kompensasiya məbləğinin, yəni dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edirdilər.
“Yenidən apellyasiya şikayəti verəcəyik”
Ə.Həsənov qeyd etdi ki, “Bank Standard” üzrə zərərçəkənlər ilk olaraq Nəsimi rayon məhkəməsinə müraciət ediblər. Məhkəmə qərar verib ki, iddia kollektiv şəkildə deyil, tək-tək halda verilməlidir. Bununla razılaşmayan iddiaçılar isə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə apellyasiya şikayəti veriblər: “1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi deyir ki, kollektiv şəkildə tələb edilə bilər. Sadəcə, biz əvvəlcə Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankdan dəymiş ziyanı tələb etməliyik, əgər ödəməsələr, ondan sonra məhkəməyə verə bilərik. Düzdür, bir az vaxt gedəcək. Qərardadı 10 günə almalıyıq, yenidən apellyasiya şikayəti verəcəyik”.
Əkrəm Həsənovdan onun əməlində cinayət tərkibi aşkar olunması ilə bağlı məlumatı da soruşduq. Cavab isə belə oldu ki, elə bir ciddi qərardad deyil, boş-boş şeylərdir.
İlhamə Abdullayeva
Məhkəmə Əkrəm Həsənovun əməlində cinayət tapıb - XÜSUSİ QƏRARDAD
17:53
25 May 2018