Azərbaycanda rəqəmsal ödənişlər üçün istifadə olunan «elektron pulqabı» - m10-da pulsuz ödənişlər dövrü başa çatır.
FED.az xəbər verir ki, şirkət pulsuz ödənişlərə limit qoyub, bundan artıq məbləğdə əməliyyatlardan isə komissiya haqqı tutulacaq.
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Kapital Bank mobildə
Mart ayından etibarən m10-un tariflərində bəzi dəyişikliklər qüvvəyə minəcək. İndiyə qədər komissiyasız və limitsiz şəkildə təqdim edilən bəzi xidmətlər üçün limitlər və komissiyalar tətbiq ediləcək.
Mart ayından etibarən m10 hesabından karta köçürmələrdə yeni qaydalar tətbiq olunacaq. Belə ki, əgər indiyədək m10-dan karta köçürmələr limitsiz idisə, bundan sonra komissiyasız köçürmələrə 5000 manat limit qoyulacaq. Bu limiti aşdıqda isə 0,5% komissiya tətbiq ediləcək.
m10-un öz daxilində, yəni m10 hesabları arasında köçürmələrə də dəyişiklik edilib. Əvvəllər hesablar arasında aylıq 20 000 manatlıq məbləği pulsuz köçürmək mümkün idisə, indi bu limit 5 min manata endirilib, limitdən artıq məbləğə 0,5% komissiya tətbiq edilib.
Nəticədə m10 kartları arasında əvvəllər ödənişsiz olan 20 min manatlıq köçürmə əməliyyatı indi müştəriyə 75 manata başa gələcək.
M10-da indiyədəka pulsuz olan daha bir əməliyyata - QR vasitəsilə nağdlaşdırmaya da komissiya tətbiq ediləcək. İndiyə qədər QR vasitəsilə nağdlaşdırma komissiyasız həyata keçirilirdi. Lakin mart ayından etibarən bu əməliyyat üçün 1% komissiya (minimum 1 manat) tətbiq olunacaq. Bununla yanaşı, m10 hesabının artırılması əvvəlki kimi komissiyasız qalacaq və martdan sonra da bu şərt dəyişməyəcək.