“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının (BOKT) səhmdar tərkibində dəyişiklik olub.
FED.az xəbəe verir ki, BOKT-ın ən iri səhmdarı olan “Finance Leasing” ASC payını satıb.
2013-cü ildə 300 min manat nizamnamə kapitalı olan “Finex Kredit”də fiziki şəxslərin 80%, “Finance Leasing”in 20% payı var idi. 2014-2015-ci illərdə “Finex Kredit”in nizamnamə kapitalı “Finance Leasing”in hesabına 200 min manat artırılaraq 500 min manata çatdırılır. Bu əməliyyatdan sonra BOKT-da “Finance Leasing”in payı 88%, fiziki şəxslərin payı 12% təşkil edirdi.
2016-cı ildə “Finex Kredit”in nizamnamə kapitalı fiziki şəxslərin hesabına 100 min manat artırılaraq 600 min manata çatdırılır. Bu əməliyyatdan sonra “Finance Leasing”in payı 73,33%-ə düşür, fiziki şəxslərin payı isə 26,27%-ə qalxır.
Ötən ilin sonunda “Finance Leasing” ASC BOKT-dakı 73,33% payını yeni fiziki şəxs olan səhmdarlara satıb. Artıq “Finex Kredit” 100% fiziki şəxslərə məxsusdur. “Finex Kredit” və “Finance Leasing” tamamilə yollarını ayırıblar.
Əlavə edək ki, 2018-ci ilin əvvəlində “Finex Kredit” BOKT ASC-nin nizamnamə kapitalı 200 min manat artırılaraq 800 min manata çatdırılmışdır. Kapitalın artırılması yeni və mövcud fiziki şəxs səhmdarların hesabına təmin olunub.
Xatırladaq ki, "Finance Leasing” ASC-də Əmanətlərin Sığortalanması Fondunun keçmiş rəhbəri Azad Cavadovun da payı var idi.