Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNT) təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olmuş məlumata görə, Azərbaycanın bank sektoru və digər maliyyə təşkilatlarının rəhbərləri üçün nəzərdə tutulan tədbirin məqsədi “bulud” texnologiyalarının tətbiqinin maliyyə qurumlarının işində yarada biləcəyi üstünlüklər, bank sektorunun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün “bulud” həllərinin yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə maliyyə bazarlarında informasiya təhlükəsizliyi və etibarlılığın artırılması barədə məlumat verməkdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “bulud” texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla tətbiq olunduğunu qeyd edib.
Nazir bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək etibarlılıq sertifikatına malikdir.
Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini vurğulayan R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və “bulud” texnologiyaları xidmətləri göstərildiyini deyib. O, Data Mərkəzin “bulud” əsaslı xidmətlər göstərməklə yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri respublikamızın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə çıxışında bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq maliyyə sektorunda yeni alətlər tətbiq olunur, ofissiz maliyyə xidmətləri göstərən yeni formalı mexanizmlər yaranır. R.Aslanlı bununla belə, informasiya texnologiyaları, o cümlədən “bulud” texnologiyaları üzərindən maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazaya ehtiyac olduğunu vurğulayıb. “Bulud” texnologiyalarının maliyyə sektorunda tətbiqi ilə bağlı təşəbbüsü dəstəklədiklərini də diqqətə çatdıran Direktorlar Şurasının sədri NRYTN ilə MBNT arasında başlayan bu addımın səmərəli əməkdaşlığa çevriləcəyinə, eyni zamanda bu imkanlar əsasında yeni alətlərin generasiya edilə biləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra “Ernst&Young” şirkətinin “Bulud texnologiyalarına keçidin əsas aspektləri” mövzusunda təqdimatı dinlənilib. “Bulud”a inteqrasiyanın dünya maliyyə bazarlarına verdiyi töhfələr və “bulud” həllərinin beynəlxalq iqtisadi münasibətlərə təsirindən danışılıb.
Təqdimatdan sonra MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev müzakirələrə qoşularaq, “bulud” texnologiyaları üzrə risklər və bu risklərin idarə olunması ilə bağlı rəylərini bildiriblər.
Növbəti təqdimat “AzInTelecom”un Data Mərkəzinin fəaliyyətinə həsr edilib, qeyd edilib ki, Data Mərkəzi informasiya təhlükəsizliyinin, etibarlılığın artırılması, qəza hallarının aradan qaldırılması, kapital xərclərinin minimuma endirilməsi üçün bütün infrastrukturla təchiz olunub.
Bildirilib ki, istismar xərclərinin optimallaşdırılması sayəsində elektron xidmətlərin inkişafı və daha çevik çatdırılması təmin edilir, məlumatların ölkə ərazisində saxlanması xaricə valyuta axınını azaldır.
Daha sonra Data Mərkəzin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), “Golden pay” kimi müştərilərinin təmsilçiləri çıxış edərək, bu əməkdaşlığın verdiyi faydalardan söz açıblar.