Türkiyədən Azərbaycana yükdaşıma (karqo) qiymətlərinin qalxacağı bildirilir.
Bu barədə Türkiyədən Azərbaycana mal idxal edən ticarətçilər bildiriblər.
Karqo qiymətlərinin qalxması, Azərbaycan bazarında bir sıra Türkiyə mallarının bahalaşmasına səbəb ola bilər.
Mövzu ilə əlaqədar olaraq nəqliyyat şirkətləri ilə əlaqə saxladıq.
Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkətinin Türkiyə ofisindən bildirildi ki, məlumat doğrudur:
"Azərbaycan gömrüyü yeni sistemə keçir, eyni zamanda, gömrük rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlər və alınan digər haqlar artırılıb. Bu səbəbdən karqo qiymətlərinin qalxacağı gözlənilir. Bazar ertəsi (19 Fevral 2018) günü tam olaraq bizim mövqeyimiz aydınlaşacaqdır".
Türkiyədən Azərbaycana karqo daşımaları ilə məşğul olan bir çox şirkətin qaldırılmış qiymətlər ilə sifarişlər qəbul etməyə başladığı, bir sıra şirkətin isə müvəqqəti olaraq sifariş qəbul etməyi dayandırdığı bildirilir.
Qeyd edək ki, karqo daşımaları ilə məşğul olan şirkətlər gömrük rəsmiləşdirməsini də özləri həyata keçirərək, malı qapıda müştəriyə təhvil verirlər. Bu baxımdan "rastamoşka"nın qalxması xidmət haqqının da qalxmasına səbəb olur.