Azərbaycanda iazəsiz reklam qurğuları quraşdıranlar 15 min manata qədər cərimə ediləcəklər. FED.az xəbər verir ki, bu hazırda Milli Məclisdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərə əsasən, məcəllənin 43.1-ci maddəsində "394-1," rəqəmləri "394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1," sözləri ilə əvəz edilsin.
Məcəllənin 394.0.7-ci maddəsinə "qərarlarına" sözündən sonra ", habelə reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına" sözləri əlavə edilsin.
Bundan başqa, Məcəlləyə aşağıdakı məzmunda 395.1-1-ci maddə əlavə ediləcək:
"395.1-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir".
Məcəllədəki 395.2-ci maddəyə "obyektlərinin" sözündən sonra "(açıq məkanda reklam qurğuları istisna olmaqla)" sözləri əlavə ediləcək.
428.7-ci maddə isə aşağıdakı redaksiyada veriləcək:
"428.7. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni:
428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə;
428.7.2. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə;
428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.".
İcazəsiz reklama görə 15 min manat cərimə - QANUN DƏYİŞİR
16:24
1 Fev 2018