Xəbər verdiyimiz kimi, bu gündən başlayaraq, Kapital Bank-ın filiallarında Dəmir Bank-da qorunan əmanətlərə kompensasiyaların verilməsinə başlanılıb. Lisenziyası ləğv edilmiş bir bankdakı qorunan əmanətlərin qaytarılması həssas məsələdir və ictimaiyyətin diqqətindədir.
Gündüz saatlarında Maliyyə Bazarlarına Nəzarət Palatasının İcraçı direktoru İbrahim Alışov gözlənilmədən Kapital Bank-ın əmanətlərin verilməsi üçün müəyyən edilmiş filiallarına baş çəkib. Bu addım barədə öncədən Palatanın, Əmanətlərin Sığortalanması Fondunun və Kapital Bankın əməkdaşlarının məlumatı olmayıb.
Gözlənilmədən bank filiallarına daxil olan Palatanın icraçı direktoru, kompensasiyaların ödənilməsi prosesinin gedişatını izləyib, görülən işləri yoxlayıb, tapşırıq və tövsiyyələrini verib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu Dəmir Bank-ın ləğvedicisi funksiyasını daşıyır. Bu proseslərə nəzarət isə birbaşa Palatanın mandatına daxildir: “Bəli, İbrahim Alışov bu gün konpensasiyalar ödənilən filiallarda olub, prosesslərlə yaxından tanış olub. Qeyd edim ki, baş icraçı direktorun göstərişinə əsasən, Kapital Bankın konpensasiyaların ödənilməsi nəzərdə tutulan filialında Palatanın əməkdaşları müşahidəçi qismində iştirak edir. Və bütün bu proseslər birbaşa Baş icraçı direktorun nəzarətindədir".