Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı tərəfindən 2017-ci il üçün Açıq Büdcə Sorğusu əsasında hazırlanmış hesabat və ölkələr üzrə Açıq Büdcə İndeksi açıqlanıb.
Hesablama Palatasından verilən məlumata görə, Açıq Büdcə İndeksi büdcə şəffaflığını qiymətləndirmək üçün 109 bərabərsəviyyəli göstəricidən istifadə edərək və beynəlxalq səviyyədə qəbul edilmiş meyarlara istinad olunaraq hesablanır.
Qanunvericilik orqanı və Ali Audit Qurumunun milli konstitusiyalarda və qanunlarda büdcənin planlaması və onun icrasına nəzarət sahəsində vacib və əhəmiyyətli roluna əsaslanaraq bu qurumların büdcəyə nə səviyyədə effektiv nəzarəti təmin edə bilmələrini müəyyənləşdirmək üçün Açıq Büdcə İndeksinin tərkibində bu istiqamətdə alt göstərici də təqdim edilir.
Məlumat üçün qeyd edək ki, 2015-ci ildə hazırlanmış hesabatda büdcəyə nəzarət baxımından qanunvericilik orqanın fəaliyyəti 37, Ali Audit Qurumunun fəaliyyəti isə 50 balla qiymətləndirilib.
2017-ci ilin yanvar ayından təqdim edilmiş son hesabatda Azərbaycan Respublikasında qanunvericilik orqanı və Ali Audit Qurumunun fəaliyyəti 100 ballıq şkala ilə 63 balla qiymətləndirilib, eyni zamanda büdcəyə nəzarətin adekvat həyata keçirildiyi qeyd edilib.
Ali Audit Qurumu kimi Hesablama Palatasının büdcəyə nəzarət baxımından fəaliyyəti 100 baldan 83 balla dəyərləndirilib. Dəyərləndirmədə Hesablama Palatasının auditin bütün növlərinin uyğunluq, maliyyə və səmərəlilik (performans) auditini (pilot səviyyəsində) keçirilməsi, həmçinin illik fəaliyyəti haqqında hesabatın (ictimaiyyətin məlumatlandırılması baxımından) əsas nəticələrini özündə əks etdirən qısa icmalının hazırlanması maksimal 100 balla qiymətləndirilib.
Qeyd etməliyik ki, Açıq Büdcə İndeksi üzrə hazırlanan son 5 hesabatdan 4-də Hesablama Palatasının bu istiqamətdə əvvəlki dövrlə müqayisədə fəaliyyəti daha aktiv dəyərləndirilib.