Müsahibimiz bankdakı işini investisiya sahəsinə dəyişmiş, 3 CFA dərəcəsinə sahib olan Şəhla Hüseynovadır.
Şəhla xanım, mümkünsə oxucularımız üçün özünüzü qısaca təqdim edərdiniz
1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakalavr təhsilimi ADİU-nun “Mühasibat uçotu və audit” fakultəsində fərqlənmə ilə bitirmişəm. 2009-cu ildə Qafqaz Universitetində “MBA in Finance” proqramına qəbul olmuşam. Hazırda ARDNF-in “Risklərin idarə edilməsi” departamentinin “Modelləşdirmə və gəlirliyin ölçülməsi” şöbəsində təhlilçi vəzifəsində çalışıram.
- ARDNF-də məhz hansı işlərə görə məsuliyyət daşıyırsınız?
Fondun siyasəti çərçivəsində maliyyə alətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarət altında saxlanılması. İnvestisiya portfelinin gəlirliyinin hesablanması. Müxtəlif göstəricilər üzrə stress testlərin və ssenari təhlillərin həyata keçirilməsi.
- Bildiyimiz qədər bank sektorunda da ciddi iş təcrübəniz var. Oxucularımıza da maraqlı olardı, bankda və bank olmayan şirkətdə çalışmağın avantaj və dezavantajları nələrdir?
Bəli. Bakalavr təhsilimi bitirdikdə sonra yerli bankların birində çalışmağa başladım. Ümumilikdə 5 ildən artıq bir dövrdə Müştəri xidmətləri, Müxbir Hesablaşmalar, Xəzinədarlıq departamentləri olmaqla Bankın müxtəlif departamentlərində dəyərli iş təcrübəsi qazandım. Müxtəlif vəzifələrdə çalışmağım mənə kömək etdi ki, Bank sektorunun necə çalışdığını, müxtəlif proseslərin necə həyata keçirildiyini dərindən və hərtərəfli başa düşüm. Fikrimcə hazırda bank sektorunda xidmət və məhsulların çeşidinin bir qədər məhdud olmasını dezavantaj kimi hesab etmək olar. Bundan başqa, qlobal maliyyə böhranları və ya pul-kredit siyasətində hər-hansı dəyişikliklər ilkin olaraq banklara təsir etdiyindən, dolayı yolla bu sektorda çalışanlara da təsirsiz ötüşmür. Fondda çalışdığım dövrdə isə yeni investisiya alətləri ilə işləmək təcrübəsini qazandım. Bu alətlər üzrə hesablaşmaların beynəlxalq praktikada necə həyata keçirildiyini, həmçinin onlar üzrə risklərin və gəlirliyin necə ölçüldüyünü öyrəndim.
- Hazırda həm də CFA üzrə təlimlər verirsiniz. Hər üç dərəcəsinə sahibsiniz. Bu hədəfə necə nail oldunuz?
Düşünürəm ki, bu hədəfə məqsədyönlü olmaqla, vaxtımı düzgün bölüşdürməklə və ən əsası sistemli və planlı şəkildə çalışmaqla nail oldum.
- CFA kimlər üçün mütləqdir, və ya nə üçün bu qədər dəbdədir?
CFA materiallarında tədris olunmuş biliklər maliyyə və investisiyanın müxtəlif sahələrini əhatə edir, namizədlərə maliyyə təhlili, investisiya tədqiqatlarının aparılması, portfelin və risklərin idarə olunması, beynəlxalq maliyyə bazarlarında treydinq və s. kimi peşələrdə çalışmaq imkanı yaradır. Hesab edirəm ki, CFA imtahanına ehtiyac yaranmış tələbdən irəli gəlir. Qloballaşan iqtisadi şəraitdə ölkəmizdə yeni maliyyə sahələri və investisiya məhsulları yaranır ki, bu da öz növbəsində bu məhsullarla işləmək bacarığı olan kadrlara ehtiyac yaradır.
- Hər imtahana hazırlıq nə qədər müddət aldı? Mümkünsə hazırlıq prosesi haqqında məlumat verərdiniz?
İlk öncə onu deyə bilərəm ki, CFA imtahanlarına hazırlıq dövrü mənim üçün çox maraqlı bir dövr idi. Çünki əldə etdiyim biliklər maliyyə sahəsi üzrə hərtərəfli və çox praktiki idi. CFA imtahanına hazırlıq dövründə həm də işlədiyim üçün bəzən mütəmadi olaraq oxuya bilmirdim. Lakin vaxtımı düzgün bölüşdürməklə bu problemi aradan qaldırdım. Şəxsi təcrübəmə əsasən CFA imtahanında uğurlu olmaq üçün orta hesabla 400-500 saat vaxt sərf etmək lazımdır.
- CFA haqqında bilənlər onu ən çətin imtahan hesab edir, bu fikirlə razısınızmı və əsas çətinlik hansıdır?
CFA imtahanı böyük məsuliyyət və yüksək hazırlıq tələb edir. Düşünürəm ki, CFA imtahanın əsas çətinliyi (və həmçinin əsas üstünlüyü) materialların kifayət qədər geniş olmasıdır. Hər mərhələdə 10 fənn tədris olunduğu üçün, böyük həcmdə olan məlumatları oxumaq və dərk etmək çox vaxt tələb edir. Bundan başqa, namizədin ingilis dili və riyazi bilikləri lazımi səviyyədə olmadıqda bu da namizəd üçün əlavə çətinlik yaradır.
- Çətinlik olanda özünüzü necə motivasiya edirsiniz?
CFA proqramı çərçivəsində öyrəndiyim bilik və bacarıqları iş mühitində tətbiq etmək hər zaman mənim üçün böyük bir motivasiya olmuşdur.
- CFA dərəcələrinə sahib olmaq istəyən gənclərə praktiki tövsiyələriniz hansı olar? Yəni özünüzün tətbiq edib, işinizə yarayan ipucular.
CFA dərəcəsinə sahib olmaq istəyən şəxslərə tövsiyə edirəm ki, mümkün qədər çox testlər edib, keçmiş illərin imtahan suallarını cavablandırsınlar.
- Qarşıda xaricdə təhsil və ya digər bir hədəf varmı? Bu il üçün əsas hədəfiniz nədir?
Ən böyük istəyim maliyyə sahəsi üzrə dəyərli bir mütəxəssis və peşakar olmaqdır. Bunun üçün mütəmadi olaraq öz üzərimdə çalışıram və daim yeni biliklər əldə edirəm. Bu il üçün əsas hədəfim maliyyə sahəsində tətbiq olunan bəzi proqramlaşdırma dillərinin öyrənilməsidir.