Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə” Ekspert Qrupunun 2018-ci il üçün ilk iclası keçirilib.
FED.az xəbər verir ki, beynəlxalq sanksiyalarla əlaqədar məsələlərin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun icrası prosesində qarşıya çıxan çətinliklərin müzakirəsi məqsədilə keçirilən iclasda ilk olaraq “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens” üzrə ekspert qrupunun sədri Anar Kərimov çıxış edib. A.Kərimov ekspert qrupunun cari ildəki iş planından danışıb.
Daha sonra “Yapı Kredi Bank Azərbaycan”nın Daxili Nəzarət və Komplayens departamentinin rəhbəri Ramil Məmmədov “Beynəlxalq Maliyyə Sanksiyaları” barədə təqdimat edib.
İclasın sonunda isə “PAŞA Bank”ın nümayəndəsi əlaqədar təqdimatla çıxış edib.
İclasda ekspert qrupu tərəfindən beynəlxalq sanksiyalarla bağlı banklar üçün metodoloji tövsiyələrin hazırlanması qərara alınıb.
Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.