Hazırda Azərbaycanda valyutadəyişmə məntəqələri - “exchange” açmaq istəyən banklar və fərdi sahibkarlar həddən artıq çox olsa da, hələlik bununla bağlı müraciətlər qəbul edilmir. FED.az xəbər verir ki, məntəqələrin fəaliyyəti ilə bağlı qaydalar təsdiqlənsə də, müəyyən tənzimləmə müxanizmləri üzərində işlər davam edir.
Bütün normativ xarakterli hüquqi aktlar...
Maliyə Bazarlarına Nəzarət Palatasından FED.az-a bildirilib ki, valyutadəyişmə məntəqələrinə lisenziyaların verilməsinə bu sahə ilə bağlı bütün normativ xarakterli hüquqi aktlar qüvvəyə mindikdən sonra başlanılacaq. Yəni, hazırda bəzi tənzimləmə məsələləri üzrə yekun razılıq üzərində iş gedir deyə, lisenziyalar üçün müraciətlər hələ qəbul edilmir.
Say məhdudiyyəti olmayacaq
Ötən iki ildə bankların əsas gəlir mənbələri dollar alqı-satqısından formalaşdığından valyutadəyişmə məntəqələrinin açılması əlbəttə, onların gəlirlərinə mənfi təsir göstərəcək. Odur ki, banklar bu məsələdə daha aktiv olmağa çalışırlar. Bəs, bu məntəqələrin sayı ilə bağlı banklara hər hansı məhdudiyyət tətbiq edilibmi? Sualımıza cavab olaraq Palata açıqlayıb ki, banklar tərəfindən valyuta mübadiləsi şöbələrinin açılması “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” əsasında həyata keçiriləcək. Bu sahədə say məhdudiyyəti isə tətbiq olunmur.
Amma valyuta mübadiləsi fəaliyyətinə icazə almaq istəyən bank şöbəsi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”ndan irəli gələn tələblərə tam cavab verməlidir, əks halda imtina verilə bilər.
Xarici vətəndaş da Azərbaycanda “exchance” aça bilər
Qeyd edək ki, valyuta məntəqələrinin açılması “Valyuta tənzimi haqqında” qanunla tənzimlənir. Qanunda isə valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən rezident hüquqi şəxslərlə yanaşı, qeyri-rezident hüquqi şəxslərlə bağlı hallar da öz əksini tapır.
Valyuta mübadiləsi məntəqələri açmaq üçün tələblər 21 dekabr 2017-ci il tarixdə Palata tərəfindən təsdiq edilmiş “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” ilə müəyyən edilmişdir. Qeyd olunan sənədlə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:
http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=39980;
Qapalı məkanlarda valyutadəyişmə məntəqəsi
Qeyd edək ki, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır. Ümumiyyətlə əhalinin kütləvi olduğu yerlərdə, o cümlədən turistlərin rahatlığı üçün vağzalda, hava limanı və digər yerlərdə “excange”lərin açılması prioritetdir.
Valyuta mübadiləsi fəaliyyətini lisenziya almadan həyata keçirən şəxslər, qanunsuz sahibkarlıq fəaliyyətə görə müvafiq olaraq inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Azərbaycanda “exchange”lər dalğası gözlənilir – PALATADAN AÇIQLAMA
11:46
5 Fev 2018