Son illər dünyada baş verən rəqəmsallışma, o cümlədən bəzi xidməğtlərin süni intellektə həvalə edilməsi prosesi hüquq və audit sahələrinə də çatıb.
Hesablama Palatası dövlət sifarişli tikintiləri yoxlamağa başlayıb – NÖQSAN TAPILIB, QİYMƏT ŞİŞİRDİLİB
Xüsusilə bank və maliyyə sektorunda süni intellektə həvalə edilən işlərin sayı artmaqdadır. Artıq bəzi banklarda və biznes təşkilatlarında ənənəvi hüquq və audit xidmətləri süni intellektə həvalə edilir. Mövcud yanaşmaya əsasən, bu üsul xərcləri azaltmaqla yanaşı, həm də iş prosesini sürətləndirməyə və daha obyektiv nəticələr əldə etməyə imkan verir.
FED.az xəbər verir ki, belə proseslərin fonunda Azərbaycanda dövlət qurumlarının auditində də süni intellektdən istifadə mövzusu aktuallaşıb.
Amma Hesablama Palatasında hesab edirlər ki, dövlət auditində süni intellektin tətbiqi hüquqi və etik risklər yarada bilər, yəni HP bu prosesə hələ tələsmir.
Hesablama Palatasının auditoru Hilal Hüseynov bildirib ki, süni intellekt audit fəaliyyətində böyük həcmdə məlumatların avtomatik toplanması və analizi sayəsində auditorların işini daha sürətli və dəqiq etməyə imkan verir: «Süni intellekt (Sİ) alqoritmləri anomaliyaları, potensial saxtakarlığı və riskli əməliyyatları real vaxtda aşkarlayaraq auditin keyfiyyətini yüksəldir. Sənədlərin real rejimdə oxunması (OCR, NLP) və məlumatların uyğunlaşdırılması audit sübutlarının əldə edilməsini xeyli asanlaşdırır».
Bununla yanaşı, Palata nümayəndəsi bildirir ki, süni intellekt (Sİ) audit prosesini daha effektiv, dəqiq və sürətli edə bilməklə yanaşı, həm də istifadə prosesində bir çox etik və hüquqi risklər yaradır: «Bildiyiniz kimi dövlət orqanlarının məlumatları daha həssas olur (vətəndaş məlumatları, vergilər, şəxsi identifikasiya), ona görə də Sİ alqoritmlərinin təlimi və tətbiqi zamanı şəxsi məlumatların qorunması üzrə tələblərə (milli qanunvericilik və beynəlxalq prinsiplər) ciddi riayət edilməlidir. Onun tətbiqinin zəif tərəfi auditorun alqoritmin qərarını tam izah edə bilməməsidir. Həmçinin məlumatların məxfiliyi, kibertəhlükəsizlik və alqoritmik qərəzlilik də müəyyən risklər də yarada bilər»
«Bildiyimiz kimi, Sİ məlumatlardakı meyilləri öyrənir, əgər mənbə məlumatları qərəzlidirsə, nəticələr də yanlış ola bilər və ya ədalətsiz qərarlar verilə bilər. Auditorlar model nəticələrini sübut kimi istifadə edərkən bu riskləri qiymətləndirməli və izah etməlidirlər.
Eyni zamanda, auditorların Sİ nəticələrinə həddindən artıq güvənməsi peşəkar mühakiməni zəiflədə bilər. Hüquqi çərçivələrin tam formalaşmaması isə məsuliyyət bölgüsündə qeyri-müəyyənliklər yaradır və buna görə ən optimal yanaşma SI imkanlarının auditorun peşəkar mühakiməsi ilə birgə istifadə edilməsidir»-deyə Palata nümayəndəsi bildirib.










